Bakı. Trend:
Dəyərli alim Vilayət Cəfərov bu gün 1 ildir ki, aramızda yoxdur...
Hər bir şəxsin ömrü böyü çalışdığı və fəaliyyət göstərdiyi sahədə qazandığı dəyər onun fərdi keyfiyyətləri ilə daha da qiymətli olur. Əməl və insani keyfiyyətlər tərəziyə qoyulduqda ikincisi, şübhəsiz, daha vəznlidir. Təsadüfi deyil ki, ən dəqiq tərəzi olan xalqın gözü “bütün rütbələr içində seçilən və yeri hamıdan uca olan alimin yerini” (Nizami Gəncəvi) lakonik şəkildə belə ifadə etmişdir: “Alim olmaq asandır, insan olmaq çətin”. Bəli mənim sözüm həm alimliyi, həm də insanlığı ilə tanınan, daha doğrusu, çətini də asanlaşdıran bir həmkarım haqqındadır: Filologiya elmləri doktoru, professor mərhum Vilayət Cəfərov haqqında, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitununun Ərəb filologiyası şöbəsinin müdiri Vilayət Abbasqulu oğlu Cəfərov haqqında.
Biz ömrümüzün ən gözəl cağlarında – gəncliyin qürur doğuran tələbəlik çağlarında tanış olmuşuq. O vaxtki Azərbaycan Dövlət Universitetinin nüfuzlu fakultələrindən olan Şərqşünaslıq fakultəsinin Ərəb şöbəsinə qəbul olunmağımızla fəxr edirdik. Sakit, yumşaq təbiətli Vilayət mənim diqqətimi cəlb edirdi, çünki mən də bu iki keyfiyyətin sahibiyəm. Beşillik universitet-auditoriya həyatı, yataqxana məişəti və qayğıları, nadir hallarda qaynar şəhər gəzintiləri bizi birləşdirirdi.
Mən Vilayətdə romantik və poetik duyğuların güclü olduğunu da görürdüm. Bunları ən çox Ərəb ədəbiyyatı və Azərbaycan ədəbiyyatına aid ədəbi-bədii nümunələrin təhlili və şərhində müşahidə edirdim. Qədim ərəb şairi İmrulqeysin sevgilisini andığı qəsidədə bir beytin tərcüməsini Vilayət dəqiqliklə ifadə etmişdi: mətləb bu idi ki, şair sevgilisini vəsf etdiyi kimi məşuqənin dəvəsini də təsvir obyektinə çevirmişdi. Ümumiyyətlə, Vilayətdə şairanəlik, şairlik təbi var idi. O, dalğalı saçları tez-tez əli ilə hamarlayır və Səməd Vurğunu yada salırdı. Mən həmişə düşüncədə, xəyal aləmində olan Vilayətin romantikliyini duymaqda səhv etməmişdim. Ailə səadətinə çatan dostum Vilayət övladına məhz Xəyal adını qoydu.
Həyat (və ya tale) elə gətirdi ki, ərəb şöbəsinin 9 məzunu arasında ikimizin fəaliyyət sahəsi elmlə, elmi-tədqiqatla bağlı oldu. Bağlı olmaqla yanaşı elmi rəhbərimiz də bir idi: keçən əsrin 60-ci illərində təkcə Azərbaycanda deyil, sovet məkanında, habelə dünyada tanınmış şərqşünas alim professor Rüstəm Əliyev. Mən Rüstəm müəllimlə SSRİ EA Şərqşünaslıq İnstitutunda tanış olduqdan sonra dissertasiyam üçün elmi rəhbər olmağa razılıq vermişdi. İki ildən sonra Vilayət elmi rəhbərlik məsələsini həll etdikdə Rüstəm müəllimi seçməyi məsləhət gördüm və Rüstəm müəllimə Vilayətin layiqli tədqiqatçı olduğunu bildirdim.
Artıq yarım əsrdən çox bir dövrdə biz ərəb filologiyası və Azərbaycan-ərəb ədəbi əlaqələri sahəsində çalışan tədqiqatçılar kimi bir yerdə olmuşuq: Azərbaycan Milli Elmlər Akademiyasında, SSRİ EA Şərqşünaslıq İnstitutunda, beynəlxalq konfranslarda, müxtəlif elmi tədbirlərdə.
Professor Vilayət Cəfərov Azərbaycan ərəbşünaslığında öz dəstxətti ilə tanınan alimdir. Belə ki, onun işlədiyi mövzular aktuallığı və müasirliyi ilə seçilmişdir. İraq şairi Cəmil Sidqi əz-Zəhavinin Şərq və Qərb sivilizasiyaları arasında bağlılığa əsaslanan poetik irsi ölkəmizdə ilk dəfə onun namizədlik dissertasiyasında öyrənilmişdir. V.Cəfərovun “Cəmil Sidqi əz-Zəhavi” monoqrafiyası haqqında yazdığım rəy 1987-ci ildə Bağdadda nəşr olunan “Sovtul-ittihad” (“Birlik səsi”) jurnalında və oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Mən Bağdadda tərcüməçi işlədiyim vaxt Vilayət müəllimin göstərilən kitabı, habelə “İraqda neoklassik poeziya” monoqrafiyasını tanınmış iraqlı alim Davud Səlluma təqdim etdikdə o, bu əsərlərə böyük maraq göstərdi. Azərbaycan alimi bu tədqiqatlarda ərəb ədəbi ənənlərinin dünya əlaqələri nəticəsində daha da zənginləşdiyini ədəbi-bədii nümunələr əsasında göstərmişdir.
Filologiya elmləri doktoru Vilayət Cəfərov adəbi əlaqələrə insanların bir-birilə dostluğunun möhkəmləndirilməsi vasitəsi kimi baxırdı. Təsadüfi deyil ki, o, “Qürbətdə yaranan dostluq”, “İraq-Turkiyə poetik əlaqələri” kitablarında da bu məsələni işiqlandırmışdır. Tanınmış türk şairi Nazim Hikmətlə ərəb ədibləri və şairləri arasında dostluq ümumi türk-ərəb ədəbi əlaqələrinin dərinləşməsinə də təsir etmişdir.
Professor Vilayət Cəfərov mənim üçün ən yaxın həmkar olmuşdur. Yazdığım kitab və məqalələrin rəyləşdirilməsində, elmi məsləhətçi və elmi rəhbərlik etdiyim aspirant dissertant və doktorantların elmi işlərinin müzakirəsində iştirak edər, dəyərli fikirlər söyləyərdi.
V.Cəfərov bacarıqlı bir tərcüməçi kimi də özünü göstərmişdir. O, 1978-1981-ci illərdə İraqda iqtisadi əməkdaşlıq obyektlərində tərcüməçi işləmişdir. Şübhəsiz, elmi və ədəbi fəaliyyətdə olan şəxs kimi ədəbi-bədii əsərlərin Azərbaycan dilinə tərcüməsinin qayğısına da qalmışdır. Nəticədə Azərbaycan oxucusu professor V.Cəfərovun tərcüməsində məşhur ərəb ədibi Circi Zeydanın “Fərqanə qəlini” romanı ilə tanış olmuşdur. Bu əsərdə baş verən hadisələr Azərbaycanda islam futuhatının maraqlı dönəmlərindən bəhs edir. Bunlarla yanaşı Vilayət müəllim onlarla ərəb yazıçısının hekayələrini Azərbaycan dilinə tərcümə etmişdir.
Professor V.Cəfərov işlədiyi Şərqşünaslıq İnstitutunda Ərəb filologiyası şöbəsinin müdiri kimi böyük elmi-təşkilatı işlər görmüşdür. V.Cəfərovun elmi rəhbərliyi ilə filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmiş gənc alimlər hazırda ərəbşünaslığımızda onun işini davam etdirirlər.
Professor Vilayət Cəfərovun elmi fəaliyyəti ona kifayət qədər nüfuz qazandırmış və onu tanıtmışdır. Onun şəxsi keyfiyyətləri, alim sadəliyi, həlimliyi və təvəzökarlığı hörmətini daha da artırmışdır. Allah rəhmət eləsin!
İmamverdi Həmidov