...

Rayonlarda qadınların məşğulluğa cəlb olunması üçün hansı işlər görülür?

Cəmiyyət Materials 4 Mart 2022 10:15 (UTC +04:00)
Rayonlarda qadınların məşğulluğa cəlb olunması üçün hansı işlər görülür?

Bakı. Humay Ağacanova - Trend:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2011-ci ildən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi “Azərbaycanda kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı”, “Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihələri çərçivəsində Biləsuvar, Salyan, Sabirabad, Neftçala, Masallı, Zaqatala, Qusar, Xaçmaz, Bakı şəhəri Xəzər rayonlarında və Sumqayit şəhərində 10 Qadın Resurs Mərkəzi açılıb.

Bu barədəTrend-in sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, layihələrin məqsədi kənd və rayon yerlərində yaşayan qadınların və gənclərin iqtisadi həyatda fəal iştirakı, sahibkarlıq fəaliyyəti və məşğulluğu üçün iqtisadi imkan və bacarıqlarının artırılmasıdır. Qadın Resurs Mərkəzləri məsləhətləşmə, mentorluq, şəbəkələşmə, gücləndirmə, təhlükəsiz məkan, yaxşı ünsiyyət və təbliğat daxil olmaqla, qadınlara geniş xidmət göstərən texniki qurum kimi qeyd olunan rayonlarda yerləşən Heydər Əliyev Mərkəzlərində ayrılmış (1 və yaxud 2) otaqda fəaliyyət göstərir.

“Qadın Resurs Mərkəzlərinin təşkilatçılığı ilə 500-ə yaxın qadın sahibkarlıq fəaliyyətinə başlayıb. 8200 qadın müxtəlif təlimlərə cəlb olunub, tədbirlərdə iştirak edib.

Qadın Resurs Mərkəzlərinin kənar maliyyələşmədən asılılığını azaltmaq və fəaliyyətinin davamlılığını təmin etmək məqsədilə onların dövlət qeydiyyatına alınaraq qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərməsi təmin edilib.

8 Qadın Resurs Mərkəzi (Sabirabad, Biləsuvar, Neftçala, Masallı, Salyan, Qusar, Zaqatala və Bakı şəhərinin Xəzər rayonu) qeydiyyatdan keçərək QHT statusu alıb.” – deyə əlavə edilib.

Həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) dəstəyi ilə 2020-ci ilin sentyabr ayından başlayaraq “Göyçay rayonunda qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək” layihəsini həyata keçirir.

“Layihənin məqsədi kənd və rayon yerlərində yaşayan qadınların sahibkarlıq fəaliyyətinə qoşulması, onlar arasında mikro sahibkarlığın inkişafı, sahibkarlıq sahəsində bilik, bacarıqlarının gücləndirilməsi və məşğulluğunun artırılması üçün iqtisadi imkanlarının genişləndirilməsidir.

Layihə çərçivəsində Göyçay rayonundan həssas qrupdan olan 28 nəfər qadına (14 nəfər bərbərlik, 4 nəfər dərzilik, 3 nəfər əl işləri, 4 nəfər fermer, 2 nəfər şirniyyatçı, 1 nəfər xalçaçılıq fəaliyyəti üçün) biznes fəaliyyətinə başlaması və mövcud bizneslərin gücləndirilməsi üçün qeyri pul şəklində maddi dəstək göstərilmiş, qadınlar biznes planına uyğun olaraq avadanlıqlarla təmin olunmuş və Qadın Resurs Mərkəzinin yaradılıb”, – deyə bildirilib.

Komitənin Tovuz rayonunda yerləşən Qadın Resurs Mərkəzi “Sağlam Həyat Naminə” İctimai Birliyinin birgə əməkdaşlığı və British Petroleum Şirkətinin maliyyə dəstəyi ilə “Qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihə çərçivəsində yaradılıb.

“Layihə çərçivəsində 2020-2021-ci illər ərzində 60 nəfər qadına (23 nəfər şirniyyatçı, aşpaz, 14 nəfər bərbərlik, 16 nəfər dərzilik, 5 nəfər arıçı, 2 nəfər dəyirmançılıq) biznes fəaliyyətinə başlaması və mövcud bizneslərin gücləndirilməsi üçün qeyri-pul şəklində maddi dəstək göstərilmiş, qadınlar biznes planına uyğun olaraq avadanlıqlarla təmin olunmuşdur. Qadınların fəallığının artırılması, ünsiyyət və liderlik bacarıqlarının inkişaf etdiriməsi, maliyyə və biznes sahəsində biliklərinin təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq yerli və beynəlxaq ekspertlərin iştirakı ilə təlimlər təşkil edilir, seminarlar keçirilir”,-deyə məlumatda qeyd edilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti