...

Azərbaycan Badminton federasiyası və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əməkdaşlığa başlayıb (FOTO)

Cəmiyyət Materials 6 Aprel 2022 14:20 (UTC +04:00)
Azərbaycan Badminton federasiyası və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əməkdaşlığa başlayıb (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Badminton federasiyası və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə bərabər əməkdaşlığa start verilib.

Trend-in məlumatına görə, əməkdaşlıq çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və Badminton federasiyası arasında ilkin tanışlıq olub.

Tanışlıq zamanı Badminton üzrə Azərbaycan Milli Komandasının baş məşqçisi Murtuza Validarvi benefisiarları badminton barəsində məlumatlandıraraq onlarla oyun təşkil edib və ilkin maraq yaradıb.

Sözügedən əməkdaşlığın əsas məqsədi aztəminatlı ailələrin, qazi və şəhid övladlarının, fiziki məhdudiyyətli şəxslərin idman sahəsində inkişaf edib, müəyyən peşə və bacarıqlara sahib olmasıdır. Bununla yanaşı, həmin uşaqlar arasında istedadı olanlar seçilərək badminton sahəsində yetişdirilməsi nəzərdə tutulur. Həmçinin onlarda idman sahəsinə maraq oyadılaraq, sağlam həyat tərzi yaşamalarına dəstək olunur.

Qeyd edək ki, ötən ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ölkəmizdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılması sahəsində fəal dövlət siyasətinin bariz nümunəsidir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü nəticəsində yaradılan Mərkəz Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini birləşdirən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Eyni vaxtda 140-dək şəxsə müxtəlif peşə bacarıqlarının öyrədildiyi mərkəzdə xalçaçılıq, tikiş, toxuma, metal və ağac üzərində oyma, təsviri sənət, keramika, floristika, rəqs, kapoeyra, musiqi, audio-səsyazma və s. studiyaları, kitabxana fəaliyyət göstərir. Həmçinin Mərkəzdə inklüziv teatr tamaşaları, müxtəlif musiqili konsert proqramları və s. üçün nəzərdə tutulan 121 yerlik auditoriya da yaradılıb.

Az bir müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, Mərkəzdə inklüziv simli kvartet, musiqi ansamblı yaradılıb. Həmçinin mərkəzin faəliyyətə başladığı müddət ərzində J.B.Molyerin “Xəsis” əsərinin motivləri əsasında hazırlanmış, modern əsaslarla quruluşu verilən “And” tamaşası və Cəfər Cabbarlının “Solğun çiçəklər” dramı əsasında hazırlanan “Solğun sevgilər” tamaşası təqdim olunub.

Xatırladaq ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin, digər sosial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi və cəmiyyətə təqdim edilməsində geniş inklüziv imkanlar açır. Mərkəz həssas qrupların cəmiyyətə inteqrasiyasına, sosial-mədəni mühitin inklüziv çalarlarla daha da zənginləşməsinə mühüm dəstəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti