Bakı. Trend:
2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə tələbə
qəbulu imtahanlarının keçirildiyi ərəfədə Mingəçevir Dövlət
Universitetində (MDU) maarifləndirmə və tanıtım məqsədilə
abituriyentlərlə görüşlərə start verilib. Görüşlər MDU-nun bir qrup
əməkdaşı tərəfindən Mingəçevir şəhəri və ətraf rayonlarda yerləşən
ümumtəhsil məktəblərində təşkil olunub.
Görüşlər zamanı abituriyentlərə düzgün ixtisas seçimi ilə bağlı
müvafiq tövsiyələr verilib və universitetin tanıtımı həyata
keçirilib. MDU-da kadr hazırlığı aparılan ixtisaslar, ötən ilin
keçid balları, təhsil haqqları, təqaüd və mübadilə proqramları,
tələbə həyatı və müxtəlif fəaliyyətlər barədə məlumatları diqqətə
çatdıran universitet təmsilçiləri abituriyentləri maraqlandıran
sualları cavablandırıblar.
Bununla yanaşı, MDU-nun sosial şəbəkə hesablarında müvafiq məlumatlandırıcı video çarxlar və posterlər paylaşılır.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da universitetin tanıtımı, tələbə olmağa namizəd abituriyentlərin maarifləndirilməsi və onlara müvafiq dəstəyin göstərilməsinə xüsusi önəm verilir.