...

‘’Technest’’ təhsil proqramı çərçivəsində ilk məzun günü keçirilib (FOTO)

Cəmiyyət Materials 14 İyun 2022 16:36 (UTC +04:00)
‘’Technest’’ təhsil proqramı çərçivəsində ilk məzun günü keçirilib (FOTO)

Bakı. Trend:

İKT sahəsində peşəkar təhsil almaq istəyən gənclərə təqaüd təqdim edən ‘’Technest’’ təhsil proqramı elektronika, bulud mühəndisliyi, ‘’Java’’ proqramlaşdırma və kibertəhlükəsizlik sahəsində ilk məzunlarını hazırlayıb.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi ‘’Technest’’ təhsil proqramı çərçivəsində ‘’Code and More’’ təlim mərkəzində ilk məzun günü keçirilib.

Qeyd edək ki, ‘’Technest’’- məktəblilər, tələbə və məzunlar üçün İKT sahəsində peşəkar və ödənişsiz təlimləri təşkil etməklə müvafiq sahə üzrə mütəxəssisləri sürətlə yetişdirərək əmək bazarına yönəldir. Bu yanaşma bazarda tələb-təklif sorğusuna operativ dəstək verməklə yanaşı Azərbaycanda kadrların yetişdirilməsini sürətləndirmək, bu sahədə mövcud çağırışlara cavab vermək və ölkədə rəqəmsal inkişafa töhfə vermək məqsədini daşıyır.

Proqram çərçivəsində dövlət-özəl tərəfdaşlığı əsasında təsis edilmiş “Code and More” təhsil layihəsi və nazirliyin “İKT Lab” Tətbiq və Tədris Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində elektronika üzrə təhsil almış 53 məktəbli və bulud mühəndisliyi, ‘’Java’’ proqramlaşdırma və kibertəhlükəsizlik üzrə 87 tələbə proqramı uğurla başa vurub. Məzunlar tədris proqramı çərçivəsində aidiyyatı təlimlərlə yanaşı nazirliyin tabeli qurumları olan ‘’Azərkosmos’’ ASC, ‘’Azintelekom’’ MMC və "Bakı Telefon Rabitəsi" MMC-də real iş prosesinə cəlb olunaraq müxtəlif layihələrin hazırlanmasında və icrasında yaxından iştirak ediblər. Məzun Günü ilə bağlı keçirilən tədbirdə ‘’Technest’’ məzunlarına sertifikatlar təqdim edilib. Məzunlar müvafiq qurumlar tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

‘’Technest’’ təhsil proqramının layihə rəhbəri Elnarə Əlizadə sözügedən tədbirlə bağlı bildirib: ’’Qürur hissi ilə qeyd edə bilərik ki, cəmi bir il fəaliyyət göstərməsinə baxmayaraq ‘’Technest’’ təhsil proqramı keyfiyyət nişanı olaraq tanınmaqdadır. Bu gün artıq ilk məzunlarımızı yola salırıq. Tələbə və məzunlarımıza əmək bazarında işə götürənlər tərəfindən böyük maraq və etimad göstərilir. İKT üzrə milli kadr potensialının formalaşmasını əsas götürdüyümüzdən bu gün həmçinin, ‘’Technest Club’’nun yaranmasını da elan etdik. Klub tələbələri sosiallaşma, bilik və təcrübə mübadiləsi və s. sahələrdə bir araya gətirərək onlarla davamlı olaraq çalışmaq məqsədini daşıyır. Biz bu addımla gənclərin asudə vaxtının səmərəli təşkilini də nəzərə almışıq’’.

Qeyd edək ki, cari ilin sonuna qədər ‘’Technest’’ təhsil proqramı çərçivəsində 120 məktəbli, 618 tələbə və

məzunun bulud həlləri, bulud inzibatçılığı, böyük verilənlər bazası, kibertəhlükəsizlik, avtomatika, elektronika, müxtəlif proqramlaşdırma dilləri, “UX/Uİ” dizayn kimi müxtəlif istiqamətlər üzrə təhsil alması nəzərdə tutulub.

‘’Technest” təqaüdçülərinin qabaqcıl mütəxəssislər kimi yetişdirilməsi və işlə təmin olunması istiqamətdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi dövlət-özəl tərəfdaşlığı əsasında ölkədə İKT üzrə peşəkar kurslar təşkil edən “Code Academy”, İsrail-Azərbaycan Təlim Mərkəzi, Tech Academy, “ABB Tech”Akademiyası və İnnovasiyalar Mərkəzi ilə də yaxından əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti