Bakı. Trend:
Azərbaycanda Media Reyestrinin aparılması qaydaları açıqlanıb.
Trend-in məlumatına görə, Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Media Reyestrinin aparılması Qaydaları”na əsasən, reyestrin informasiya təminatı reyestrə daxil edilmək üçün müraciət edən şəxslər, o cümlədən jurnalistlər və Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən məlumatların təqdim edilməsi, həmçinin EHİS vasitəsilə sorğu edilən məlumatların inteqrasiya olunması yolu ilə həyata keçirilir.
Reyestrə daxil edilmək üçün müraciət edən şəxslər, o cümlədən jurnalistlər tərəfindən məlumatlar təqdim edildiyi tarixdən 5 (beş) iş günü müddətində Reyestrin operatoru çatışmazlıqların olub-olmamasını yoxlayır və çatışmazlıqlar aşkar edilmədikdə Reyestrə daxil edir.
Təqdim edilmiş məlumatlarda imtinaya səbəb olmayan çatışmazlıqlar müəyyən edildikdə, müraciət edən şəxslərə, o cümlədən jurnalistlərə bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş müddətdən gec olmayaraq, çatışmazlıqlar qeyd edilməklə onların aradan qaldırılması barədə elektron qaydada bildiriş göndərilir. Çatışmazlıqlar həmin şəxslər tərəfindən 5 (beş) iş günü müddətində aradan qaldırılmalıdır.
Çatışmazlıqlar bu Qaydaların 6.3-cü bəndində qeyd edilən müddətdə aradan qaldırılmadıqda, Agentlik tərəfindən müraciət baxılmamış saxlanılır. Bu hal həmin şəxslərin yenidən müraciət etməsinə mane olmur.
Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin Reyestrə daxil edilməsindən aşağıdakı hallarda imtina olunur:
Qanunun 26.1 – 26.5-ci və 26.8-ci maddələrində nəzərdə tutulmuş tələblərə (Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) uyğun olmadıqda;
Fəaliyyəti davamlı olmadıqda (müraciət tarixinə qədər media sahəsində fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla);
Fəaliyyəti Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmadıqda;
Hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmış olmadıqda;
Fiziki şəxs olduqda fərdi sahibkar kimi vergi uçotuna alınmış olmadıqda;
Loqotipi (emblemi) Reyestrdə olan digər media subyektlərinin redaksiyalarının loqotipləri (emblemləri) ilə eyni və ya oxşar olduqda.