Bakı. Trend:
Azərbaycanda media subyektlərinə və jurnalistlərə elektron informasiya ehtiyatı vasitəsilə müvafiq olaraq elektron sənəd formasında şəhadətnamə müddətsiz veriləcək.
Trend-in məlumatına görə, bu barədə məlumat Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Media Reyestrinin aparılması Qaydaları”nda əskini tapıb.
Sənəddə qeyd edilib ki, Media Reyestrinə daxil edilmiş media subyektlərinə və jurnalistlərə elektron informasiya ehtiyatı vasitəsilə müvafiq olaraq elektron sənəd formasında şəhadətnamə və vəsiqə veriləcək.
Şəhadətnamə Reyestrdə müvafiq qeydin edildiyi tarixdən müddətsiz olaraq, vəsiqə isə 3 il müddətinə veriləcək.
Şəhadətnamə və vəsiqələrə rəqəmlərin və (və ya) hərflərin kombinasiyasından ibarət unikal qeydiyyat nömrəsi veriləcək.
Vəsiqə Reyestrə daxil edilmiş jurnalistin müraciəti əsasında 3 iş günü müddətində kağız daşıyıcıda ona təqdim olunacaq.