Bakı. Trend:
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəübərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin növbəti iclası, 27-ci illik konfransı və ümumi yığıncağında iştirak etmək məqsədilə Tbilisidə işgüzar səfərdədir.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, tədbirin
açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili
qonaqları salamlayaraq konfransın işinə uğurlar arzu edib.
Plenar sessiyada çıxış edən Baş prokuror Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz
tərəfindən regional və qlobal səviyyədə COVİD-19 pandemiyasına
qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə
irəli sürülmüş zəruri təşəbbüslər və atılmış əməli addımlar
haqqında danışıb, əldə olunmuş uğurlu nəticələr barədə tədbir
iştirakçılarına məlumat verib.
Tədbir çərçivəsində həmçinin Baş Prokurorluğun Beynəlxalq hüquqi
əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov "Cinayət ədliyyəsinin
rəqəmsallaşdırılması" mövzusunda çıxış edərək Azərbaycan
Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Fərmanı ilə
yaradılmış “Elektron prokurorluq” informasiya sisteminin tətbiqi
ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.
Konfrans çərçivəsində Baş prokuror Kamran Əliyev bir sıra
ikitərəfli görüşlər keçirib.
Türkiyənin Baş prokuroru Bekir Şahinlə keçirilmiş geniş tərkibli
görüşdə ilk öncə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kamran Əliyev tarixən xalqlarımızın milli köklərə söykənən
əlaqələrin hər iki qardaş ölkənin dövlət başçılarının apardıqları
uzaqgörən xarici siyasət nəticəsində etibarlı strateji əməkdaşlıq
səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə
əsaslandığını xüsusi vurğulayıb. Bekir Şahin öz növbəsində 2023-cü
ildə Türkiyədə keçirilməsi nəzərdə tutulan Assosiasiyanın 1-ci
Pan-Avropa Konfransına hazırlıq çərçivəsində Azərbaycanın Baş
Prokurorluğu tərəfindən göstərilən dəstəyə görə təşəkkürünü
bildirib.
Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud Əl-Müaciblə
keçirilmiş görüş zamanı Baş prokuror Kamran Əliyev dövlətlərimiz
arasında dostluq və əməkdaşlıq münasibətlərinin strateji
tərəfdaşlıq səviyyəsinə yüksəldiyi bildirərək Səudiyyə Ərəbistanı
Krallığının Baş Prokurorluğu və Korrupsiyaya qarşı mübarizə və
Nəzarət qurumu ilə əməkdaşlığın genişlənməsinin hər iki dövlətin
hüquq mühafizə orqanlarının mənafeyi üçün xidmət edəcəyini
vurğulayıb.
Şeyx Səud Əl-Müacib öz növbəsində cari ilin may ayında ölkəmizə
işgüzar səfəri zamanı aparılmış müzakirələrin iki qurum arasında
əlaqələrin gələcək inkişafı üçün xüsusi əhəmiyyət daşıdığını
bildirib.
Daha sonra Litva Respublikasının Baş prokuroru Nida Qrunskiene ilə
ikitərəfli görüş keçirilib. Baş prokuror Kamran Əliyev hazırda
Litvanın aidiyyəti qurumları ilə “Avropa Qonşuluq Aləti”
çərçivəsində reallaşdırılan “Azərbaycanda əmlakların bərpası və
idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Tvinninq”
layihəsi üzrə Litvanın bu sahədə əldə etdiyi qabaqcıl təcrübənin
öyrənilməsi Azərbaycan Respublikasının Baş Prokurorluğu üçün önəmli
olduğunu vurğulayıb. Nida Qrunskiene Litva Respublikası tərəfindən
Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verildiyini və
münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.
Monqolustanın Baş prokuroru Jargalsaixan Banzragç ilə keçirilmiş
ikitərəfli görüş zamanı Baş prokuror Kamran Əliyev iki qurum
arasınsa cinayətkarlıqla və korrupsiya ilə mübarizə sahəsində
əməkdaşlığın genişlənməsinin zəruri olduğunu vurğulayıb. Görüşdə
cari ilin oktyabr ayının sonlarında Monqolustanın Baş prokuroru
Jargalsaixan Banzragç və Müstəqil Antikorrupsiya qurumunun rəhbəri
Daşdavaa Zandraanın Bakıya nəzərdə tutulan səfəri ilə əlaqədar
fikir mübadiləsi aparılıb.
Bundan başqa, Baş prokuror Kamran Əliyevin Sinqapur Respublikasının
Baş prokuroru Lüsyen Vonqla görüşü keçirilib. Kamran Əliyev
həmkarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin
prioritetlərinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı sistemli
mübarizənin aparılması istiqamətində görülən işlər və həyata
keçirilən islahatlar barədə ətraflı məlumat verərək, ölkəmizin
Sinqapurun korrupsiyaya qarşı mübarizədə əldə olunmuş müsbət
nailiyyətlərin gələcəkdə öyrənilməsi və təcrübədə tətbiq
edilməsində maraqlı olduğunu bildirib. Lüsyen Vonq ölkəmizin
iqtisadi cəhətdən sürətlə inkişaf etməsindən məmnun olduğunu
bildirib. Görüşdə iki qurum arasında əməkdaşlıq əlaqələrinin
genişlənməsinə dair razılıq əldə edilib.
Həmçinin, səfər çərçivəsində Baş prokuror Avropa Birliyinin Cinayət
Ədliyyəsi üzrə Əməkdaşlıq Agentliyinin (Eurojust) prezidenti
Ladislav Hamranla görüşüb. Kamran Əliyev milli qanunvericilik
sahəsində Avropa İttifaqına daxil olan ölkələrin qabaqcıl
təcrübəsinin öyrənilməsinin önəmli olduğunu bildirib. Görüşdə maraq
kəsb edən bir sıra digər məsələlər üzrə, o cümlədən cinayət işləri
üzə hüquqi yardım sahəsində əməkdaşlığın əhəmiyyəti müzakirə
edilib.
Baş Prokurorluğun nümayəndə heyətinin Gürcüstana işgüzar səfəri
davam edir.