Bakı. Trend:
Noyabrın 17-də dünyanın ilk xalça muzeyi olan Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 55 illiyi münasibətilə tədbir təşkil edilib.
Trend xəbər verir ki, tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək Azərbaycan Milli Xalça Muzeyinin yaranma tarixindən, həmçinin yeni eksponatlar barədə məlumat verib.
Bildirib ki, tədbir Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salındığı, həmçinin görkəmli alim, xalçaçı-rəssam, Xalça Muzeyinin banisi Lətif Kərimovun anadan olduğu tarixdə keçirilir.
Muzeyin öz hesabına “Bonhams” hərrac evindən aldığı qızıl sırğaların isə mina və basmaqəlib texnikasında Təbrizdə hazırlanmasından danışan muzeyin direktoru, öz dövründə çox məşhur olan, ayrı-ayrı müstəqil elementlərdən ibarət çoxhissəli bu növ sırğaların varlı, dəbli xanımların taxaraq, baş örtüyündən nümayişkaranə çıxarmalarını bildirib.
“Qadınlar yeridikcə sırğanın asmalarının zərif cingiltili səsi eşidilər, qədim inanca görə isə bu səs şər qüvvələri onlardan uzaqlaşdırardı.
Azərbaycan Milli Xalça Muzeyi ötən illər ərzində milli irs nümunələrinin qorunub-saxlanılması və təbliği ilə yanaşı, kolleksiyalarının zənginləşdirilməsi işində də böyük nailiyyətlərə imza atıb.
Təqdim olunan nadir sənət nümunələri muzeyin 2022-ci ildə bu istiqamətdə fəaliyyətini uğurla davam etdirdiyini göstərir”, - deyə Ş.Məlikova vurğulayıb.