Bakı. Trend:
Dövlət Gömrük Komitəsinin Akademiyasında İsveçin Lund Universiteti ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları, tələbələri və Lund Universitetinin nümayəndələri iştirak ediblər.
Dövlət Gömrük Komitəsinin Akademiyasından çərşənbə axşamə Trend-ə bildirilib ki, Akademiyanın rəis müavini Araz Aslanlı qonaqları salamlayaraq onları təmsil etdiyi ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu ifadə edib. A. Aslanlı keçirilən görüşün Şimali Avropanın ən nüfuzlu və qədim ali təhsil ocaqlarından biri Lund Universiteti ilə xüsusi təyinatlı gənc ali təhsil müəssisəsi olan Akademiya arasında təhsil prosesinin inkişafı üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin önəmini vurğulayıb.
Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu bildirən Lund Universitetinin Beynəlxalq Regional Meneceri Babs Kunle və Beynəlxalq Marketinq Meneceri Daniel Qunnarsson təmsil etdikləri ali təhsil müəssisəsi haqqında məlumat verərək qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin gələcək perspektivlərindən bəhs ediblər.
Görüşdə hər iki ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, beynəlxalq əməkdaşlıq əlaqələri haqqında təqdimatlar nümayiş olunub.
Daha sonra tələbələrin Universitetlə bağlı sualları qonaqlar tərəfindən ətraflı cavablandırılıb.
Sonda qonaqlar Akademiyada yaradılan şəraitlə yaxından tanış olublar.