...

Paytaxtda ümumşəhər daxili iməcliyi keçirilib (FOTO)

Cəmiyyət Materials 17 Dekabr 2022 12:21 (UTC +04:00)
Paytaxtda ümumşəhər daxili iməcliyi keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar dekabr ayının 17-də Bakı şəhərinin ərazisində “Yeni ilə təmiz şəhərlə” devizi ilə ümumşəhər daxili iməcliyi keçirilib.

Trend xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməclik paytaxtın bütün rayonlarını əhatə edib. İməclik zamanı paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.

İməclikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-səhman yaradılması işlərində fəallıq göstəriblər. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməclikdə yaxından iştirak ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların dibi yumşaldılıb, qurumuş budaqları budanıb, həmişəyaşıl ağaclar yuyulub. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilir, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.

Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.

İməclik tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçirilib və şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir. Bu kimi təmizlik və abadlıq işləri, yeni yaşıllıqların salınması paytaxtımız Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti