Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) göstərdiyi xidmətlərin elektronlaşdırılması, bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn biletlər “biletim.az” portalı üzərindən satışa çıxarılıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, ilkin mərhələdə 13 marşrut üzrə – paytaxt Bakıdan Gəncə, Qazax, Bərdə, Mingəçevir, Şəki, Zaqatala, Qax, Quba, Qusar, Xudat, Astara və Lənkərana, eləcə də əks istiqamətə hərəkət edən avtobuslara biletləri 10 gün əvvəldən əldə etmək mümkündür. Vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malik olan portala ilkin mərhələdə 25 daşıyıcı qoşulub.
Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Sistemin “Biletim” mobil tətbiqi də istifadəyə verilib. Mobil cihazlar üçün tətbiqi “App Store” və “Google Play”dən yükləmək mümkündür.
Onlayn bilet sistemi bu sahədə xidmət göstərən bütün daşıyıcıları və avtovağzalları mərhələli şəkildə əhatə edəcək.