...

DGK Tibbi Xidmət İdarəsinin rəis müavini Beynəlxalq Konqresdə iştirak edib (FOTO)

Cəmiyyət Materials 19 Dekabr 2022 10:44 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev 14-17 dekabr 2022-ci il tarixlərində Türkiyə Respublikasının Antalya şəhərində keçirilən Səhiyyədə Performans və Keyfiyyət üzrə 8-ci Beynəlxalq Konqresdə iştirak edib.

Nüfuzlu tədbirə 50-yə yaxın ölkəni və beynəlxalq təşkilatları təmsil edən 2500-dən çox əyani iştirakçı qoşulub. Açılış zamanı Konqres iştirakçılarını Türkiyə Respublikasının Səhiyyə Naziri Fahrettin Koca salamlayıb və tədbirin vacibliyini vurğulayaraq ona uğurlar arzulayıb. Konqresin sədri, Türkiyə Respublikası Səhiyyə Nazirinin müavini Prof. Dr. Sabahattin Aydın iştirakçıları tədbirin çox zəngin elmi proqramı ilə tanış edərək, onun Türk Dünyasında və digər ölkələrdə Beynəlxalq Səhiyyə Keyfiyyət və Performans Sisteminin təkmilləşdirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Konqresdə səhiyyə xidmətlərində keyfiyyətin qiymətləndirilməsi və onun artırılması, akkreditasiya və beynəlxalq standartların tətbiqi, dəyişən dünyada səhiyyə keyfiyyətinin rolu, xəstələrin və tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi əsasında effektiv, səmərəli xidmət göstərilməsinin davamlılığı, tibb müəssisələrində fəaliyyətin monitorinqi və performansın artırılması, risklərin idarə edilməsi, səhiyyədə innovativ yanaşmaların, sübut-əsaslı təcrübələrin tətbiq edilməsi və digər məsələlər müzakirə olunub.

“Səhiyyənin Gələcəyini Keyfiyyətlə Dizayn Edək” ana mövzusu ilə keçirilmiş Konqresdə ictimai səhiyyənin gələcəyinə diqqət yetirilib, tibdə performans və keyfiyyətlə bağlı mövcud inkişaf istiqamətləri müzakirə olunub, beynəlxalq təcrübələr və innovativ yanaşmalar paylaşılıb, səhiyyə işçiləri arasında ünsiyyət və əməkdaşlığın artırılması üçün platforma yaradılıb.

Konqresdə Türkiyə Respublikası və digər ölkələri təmsil edən elm adamları, aparıcı səhiyyə menecerləri, dövlət və özəl tibb qurumlarının rəhbərləri səhiyyədə performans və keyfiyyətin artırılması, beynəlxalq akkreditasiya üzrə öz təcrübələrini bölüşüblər. Eyni zamanda Konqres çərçivəsində dövlət, özəl və universitet səhiyyə müəssisələrinin keyfiyyət, performans, xəstə xidmətləri və işçilərin təhlükəsizliyi sahələrində fəaliyyətlərinin müzakirəsi və təhlili aparılıb.

Konqres zamanı təqdim edilən və müasir tibb xidmətlərinin müxtəlif sahələrini əhatə edən qabaqcıl təcrübənin Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının gündəlik işində tətbiq edilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti