Bakı. Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən həyata keçirilən “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində tabeli tibb müəssisələrinin laboratoriyalarının tamamilə yenilənməsinə başlanılıb.
Trend-in məlumatına görə, bunu bu gün TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov "TƏBİB Tibbdə müasir keyfiyyət mərhələs: real perspektivlər gələcəyə baxış" adlı hesabat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində Sumqayıt Tibb Mərkəzində, Salyan Rayon Mərkəzi Xəstəxanasında, Abşeron Rayon Mərkəzi Xəstəxanasında, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda, Elmi-Tədqiqat Kardiologiya İnstitutunda və s. tibb müəssisələrində tibbi laboratoriyalar beynəlxalq standartlara uyğun olaraq yenidən təsnif edilərək təşkil olunub:
" Mərkəzi Laboratoriyanın Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələri fəaliyyətə başlayıb. Mərkəzi Laboratoriyanın fəaliyyəti pre-analitik, analitik və post-analitik mərhələnin tələblərinə uyğun olaraq təşkil edilib, bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb".
"Avtomatlaşdırılmış sistemlərin tətbiqi ilə analiz nəticələrinin hazır olma müddəti dəfələrlə qısalıb, bütün analizatorların “E-Təbib” proqram təminatına, kodlaşdırılmış test nəticələrinin sistemə avtomatik inteqrasiyası təmin edilib.
Artıq ambulator və stasionar pasiyentlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil olan 600-dək laborator xidməti tam şəkildə, ən müasir tələblərə və protokollara uyğun olaraq əldə edə biləcəklər. Pasiyentlər analizlərinin nəticələrini analiz verdikləri tibb müəssisinə gəlməklə, həmçinin müəssisəyə gəlmədən onlayn şəkildə əldə edə bilərlər",-deyə TƏBİB rəsmisi qeyd edib