Bakı. Trend:
Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi
və mənəvi dəstək göstərən, “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu
PAŞA Holding-in dəstəyi ilə 31 dekabr – Dünya Azərbaycanlılarının
Həmrəylik günü və Yeni İl ərəfəsində şəhid övladları üçün ənənəvi
“Onlar bizə əmanətdir” layihəsini həyata keçirdi.
Layihə çərçivəsində Qarabağ müharibəsi zamanı yaxınını itirən, 16
yaşadək olan 1685 nəfər şəhid övladına bayram hədiyyələri Azərpoçt
vasitəsilə təqdim edilib. Paytaxt Bakı ilə yanaşı ölkənin
regionlarını da əhatə edən layihədə fondun könüllüləri iştirak
edib, siyahıların hazırlanmasında isə yerli icra hakimiyyəti
orqanları dəstək olub.
Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın
könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi
fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə,
sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir.
https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti,
gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı
məlumatları əldə etmək olar.