Bakı. Trend:
Hidrometeroloji proqnozlara əsasən, yanvarın 26-da gecə saatlarında havanın temperaturunun -3 dərəcəyə enəcəyi gözlənilir. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) istehlakçıların diqqətinə çatdırır ki, şaxtalı hava şəraitində içməli su xətlərinin və sayğacların donvurmadan mühafizəsinə ciddi diqqət yetirilməlidir.
Bu barədə ASC-dən Trend-ə verilən məlumatda deyilir.
Qeyd edilir ki, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə,
eləcə də kommersiya obyektlərində quraşdırılımış sayğacların
şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını
almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir. Şaxtanın daha
çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması
üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq
saxlanmalı, sayğac qutularının qapağı bağlı olmalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi “Sudan
istifadə” Qaydalarının 6.4-cü bəndinə əsasən mənzillərdə, fərdi
yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən
cihazların (sayğacların) işlək vəziyyətdə saxlanılmasına istehlakçı
cavabdehlik daşıyır.
"Abonentlərin diqqətinə çatdırılır ki, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də qeyri-əhali istehlakçıları üçün quraşdırılımış sayğaclar istənilən kənar müdaxilə nəticəsində zədələnərək sıradan çıxarsa (sayğacların sındırılması, şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxması və s.) onların yenilərilə əvəzlənməsi abunəçilərin hesabına həyata keçirilir. Abonentlər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı “Azərsu” ASC-nin 24 saat fəsaliyyət göstərən 955 Zəng Mərkəzinə müraciət edə bilərlər," - məlumatda deyilir.