...

Azərbaycanda quş qripi ilə bağlı monitorinqlərin nəticəsi açıqlanıb

Cəmiyyət Materials 10 Mart 2023 17:20 (UTC +04:00)
Azərbaycanda quş qripi ilə bağlı monitorinqlərin nəticəsi açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.

AQTA-dan Trend-ə verilən məlumata görə, cari ilin 20-24 fevral tarixlərində yüksək patogen quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqlər zamanı Biləsuvar, Şabran və Xızı rayonlarında Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarında Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalarında və digər ərazilərdə vəhşi quşlara ümumi baxış keçirilib.

Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə 55 baş müxtəlif növ vəhşi quş ovlanıb və onlardan patoloji materiallar götürülüb. Bu müddətdə Bakı şəhərində, Siyəzən, Ucar, Cəlilabad və Beyləqan rayonlarında 6 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 60 baş quşdan, Bakı şəhəri, Abşeron, Xızı, Ağcabədi, Siyəzən, Şabran, Salyan, Biləsuvar və Lənkəran rayonlarında ümumilikdə 162 ailə təsərrüfatında isə müxtəlif növ 486 baş ev quşundan laboratoriya müayinəsi üçün qan nümunələri götürülüb, quş damlarına ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb.

Monitorinq zamanı çöl və ev quşlarından götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində yüksək patogen quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib.

Monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəliklərinə həssas heyvanlar arasında da müşahidələr aparılıb və xəstə və ya tələf olmuş heyvanlara rast gəlinməyib.

Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və ərazi üzrə ovçuluq təsərrüfatı və milli parkların əməkdaşları və mütəxəssisləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti