Bakı. Trend:
Türkiyənin İğdır Universitetində SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyevin anadan olmasının 100-cü ili” adlı konfrans keçirilib.
BANM-dan Trend- bildirilib ki, konfransa BANM-in rektoru Elmar
Qasımov, İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma, akademik
heyət və tələbələr qatılıblar.
Konfransda çıxış edən rektor Elmar Qasımov Azərbaycan-Türkiyə
sərhədində, Araz çayı üzərində yerləşən “Ümid” körpüsündən və Ulu
Öndər Heydər Əliyevin körpünün açılmasında müstəsna xidmətlərindən
bəhs edib. Rektor 1992-ci ildə istifadəyə verilən bu körpünü “könül
körpüsü” adlandırıb: “Naxçıvandan İğdıra quru yolla gəldik,
körpüdən, yəni “Ümid” körpüsündən keçdik. O körpü 1992-ci ildə
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qurulub və
Azərbaycanı qardaş Türkiyə ilə birləşdirib”.
İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma isə çıxışında
Türkiyədə baş verən zəlzələ zamanı Azərbaycanın göstərdiyi
yardımlara görə təşəkkür edib və Azərbaycan-Türkiyə münasibətlərinə
toxunub. Rektor Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ili
və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd
olunduğu bu ili tarixi, əlamətdar il adlandırıb.
Konfrans Bakı Ali Neft Məktəbi ilə İğdır Universiteti arasında birgə əməkdaşlığa dair sənədin imzalanması ilə yekunlaşıb.