...

28 May Azərbaycan xalqı üçün ikiqat bayram oldu - Afət Həsənova

Cəmiyyət Materials 30 May 2023 10:43 (UTC +04:00)
28 May Azərbaycan xalqı üçün ikiqat bayram oldu - Afət Həsənova

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşü zamanı Qarabağ bölgəsində yaşayan ermənilərlə bağlı ölkəmizin açıq və dəqiq mövqeyini bir daha səsləndirdi və bununla da həm Ermənistana, həm də onun havadarlarına lazımi mesajlar verdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Laçına səfərin məhz 28 may günündə baş tutması rəmzi məna daşıyırdı. “Çünki məhz elə may ayında Laçın işğal olunmuşdu və məhz may ayında da laçınlılar 31 il həsrətdən sonra Laçına qayıtdılar. 28 May Azərbaycan xalqı üçün ikiqat bayram oldu.

Azərbaycan işğaldan azad olunduqdan dərhal sonra həmin ərazilərdə, o cümlədən Laçında sürətli bərpa və quruculuq işlərinə başladı. Bütövlükdə Laçında 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıb. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər və onların yaşayışı üçün bütün lazımi şərait yaradılıb. Laçında insanların yaşayışı üçün bütün imkanlar nəzərə alınıb.

Belə ki, Laçında tibb məntəqəsi, məktəb hazırlanır və yeni dərs ilində laçınlı şagirdlər öz doğma yurdlarında təhsillərini davam etdirəcəklər. Eyni zamanda Laçında onlarla müəssisənin yaradılması nəzərdə tutulur ki, bu da insanların məşğulluğunun təmin edilməsinə, sosial vəziyyətlərinin yaxşılaşdırılmasına imkan verəcək”, - deyə deputat əlavə edib.

A.Həsənova vurğulayıb ki, ermənilər 30 il ərazilərimizi işğal altında saxladıqları müddətdə şəhərimizi, qəsəbələrimizi və kəndlərimizi dağıdıb, viran qoyub, ərazilərimizdə ekoloji terror törədib, təbii sərvətlərimizi talayıb.

“Azərbaycan isə cəmi iki il yarım ərzində bu ərazilərdə geniş miqyaslı yenidən qurma və bərpa işləri həyata keçirib və artıq keçmiş köçkünləri öz doğma yurdlarına qaytarıb. Ölkəmiz bütün bu işləri kənardan heç bir dəstək olmadan, öz daxili imkanları hesabına reallaşdırıb”, - deyə deputat vurğulayıb.

A.Həsənova əlavə edib ki, Laçın şəhəri AXC-Müsavat cütlüyü tərəfindən xəyanət nəticəsində düşmənə təhvil verilmişdi.

“Məqsəd isə bu cür çirkin yollarla hakimiyyəti ələ keçirmək idi. Bu xəyanət nəticəsində Şuşa, Laçın düşmənə təhvil verildi. Onun ardınca isə 1993-cü ilin aprel ayında xəyanət nəticəsində Kəlbəcər işğal altına düşdü. Uzun illər xalqımız bu xəyanətin acı nəticələri ilə yaşamalı oldu. Nəhayət 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qələbəsi nəticəsində xalqımıza, dövlətimizə qarşı edilən bu xəyanətin acı nəticələri aradan qaldırıldı, 30 illik həsrətdən sonra doğma torpaqlarımız işğaldan azad edildi. Bu gün Azərbaycan həmin əraziləri yenidən qurur və insanlarımız öz dogma torpaqlarına qayıdırlar. Bütün bunlar Prezident İlham Əliyevin apardığı düzgün siyasətin nəticəsidir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti