...

Uşaqlarda fiziki inkişafın ləngiməsi ilə bağlı müraciətlər artıb - TƏBİB

Cəmiyyət Materials 31 May 2023 09:49 (UTC +04:00)
Uşaqlarda fiziki inkişafın ləngiməsi ilə bağlı müraciətlər artıb - TƏBİB

Bakı. Trend:

İlkin səhiyyə xidməti müəssisələrində uşaqlarda boy hormonu çatışmazlığını müəyyən etmək üçün müxtəlif testlər keçirilir. Məhz bu testlər nəticəsində uşaqlarda fiziki inkişafın ləngiməsinin səbəbləri daha tez öyrənilir.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, son dövrlərdə poliklinikalara uşaqlarda fiziki inkişafın ləngiməsi ilə bağlı müraciətlərın artdığını bildirən Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 17 nömrəli Uşaq Poliklinikasının həkim-endokrinoloqu Flora Alcanovanın sözlərinə görə, ilkin müayinələr zamanı aşağıdakı çatışmazlıqları vaxtında aşkarlamaq mümkündür:

“Uşaqlarda fiziki inkişafın ləngiməsinin müxtəlif səbəbləri var. Bunlardan uşaqlarda olan hər hansı xroniki xəstəliklər, onların qeyri-rasional (bitərəfli) qidalanması, orqanizmdə qurd invaziyaları, fiziki hərəkətsizlik (hipodinamiya), psixoloji travmalar, boy hormonu defisiti, irsiyyət və. səbəbləri göstərmək olar”.

Həkim-endokrinoloq bildirir ki, ilkin səhiyyə xidməti müəssisələrinə müraciət zamanı uşaqların boyu ölçülür, persentil cədvəllərinə (uşaqların böyümə cədvəlləri) əsasən, ehtiyac yaranarsa boy hormonu analizi verilir və bir sıra vacib tədbirlər görülür:

“STH – boy hormonudur. Uşaqlarda boy hormonu bədəndə hipofiz vəzində ifraz olunur. Bundan əlavə, insulinəbənzər boy faktoru isə qaraciyərdə ifraz olunur. Biz analara başa salırıq ki, belə hallarda laborator analizlərdən keçsinlər, insulinəbənzər faktor 1 yoxlanılır və əsas sümüklərin (sol mil bilək sümüyünün) rentgenoqrafiyası aparılır, bununla da pasport yaşı ilə sümük yaşı analiz olunur”.

Həkim-endokrinoloqun sözlərinə görə, boya təsir edən faktorlar çoxdur:

“Uşaqlarda fiziki inkişafın ləngiməsini araşdırmaq üçün tireotrop hormonu da yoxlanılır. Bundan başqa, sümüklərdə defisitlər, genetik defektlər də təsir edən amillər sırasına daxildir, bazu sümüklərində xondrodisplaziya (anadangəlmə sümük sisteminin xəstəliyidir, genetikdir, boy hormonundan asılı deyil) ola bilər.

Həmçinin, böyrəküstü vəzin disfunksiyaları da boya təsir göstərə bilər. Belə ki, erkən cinsi inkişaf dövründə boyartımı əvvəl normal gedir, amma pubertat (yetişkənlik zamanı) dövründə isə somatotrop hormonu az olduğuna görə, sümüklər tez bağlanır və nəticədə bu uşaqların boyuna mənfi təsir göstərir”.

Bundan başqa kuşinq sindromu, mədə-bağırsaq xəstəlikləri (kron xəstəliyi - qida qəbulunda fermentlər çatışmır, qida yaxşı sovrulmur), sümük sınıqları, genetik xəstəliklər, ata-ananın bəstəboyluğu da boya təsir edən amillər sırasındadır.

Mütəxəssisimiz onu da vurğulayır ki, AR Milli Məclisi tərəfindən qəbul edilmiş qərara əsasən, uşaqlar boy hormonu ilə pulsuz təmin olunurlar. Bunun üçün onlar müayinə üçün TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Endokrinoloji Mərkəzinə göndərilir, orda müvafiq yoxlanışlardan sonra uşaqlara norditropin təyin olunur.

Həkim-endokrinoloqun sözlərinə görə, norditropin bir qədər bahalı preparat olması səbəbindən valideynlər onu almaqda çətinlik çəkir. Buna görə də preparatın dövlət tərəfindən pulsuz təmin olunması uşaqların inkişafı üçün böyük stimuldur.

Hər bir valideyni uşaqların fiziki inkişafına qarşı diqqətli olmağı, hər hansı şübhə müşahidə edildiyi halda ilkin səhiyyə xidməti müəssisələrinə müraciət etməyi tövsiyə edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti