...

Bakı Ali Neft Məktəbində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransların qalibləri mükafatlandırılıb

Cəmiyyət Materials 12 İyun 2023 12:28 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransların qalibləri mükafatlandırılıb

Bakı. Trend:

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfranslarının bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov elmi konfranslar barədə məlumat verərək bildirib ki, artıq 12 ildir Ulu Öndərin adı ilə bağlı olan elmi konfransları təşkil etmək qürurvericidir: “12 il əvvəl BANM-də keçirilən ilk konfransda 17 tezis təqdim olunub. Çox sevindirici haldır ki, artıq bu tezislərin sayı 350-dən çoxdur. Həmin konfransda iştirak edən tələbələrin bəziləri artıq doktorant, müəllim, gənc alim və nüfuzlu şirkətlərdə çalışan mütəxəssislərdir. İnanırıq ki, budəfəki mükafatlandırılan gənclər arasından da alimlər, mütəxəssislər yetişəcək. Bizim əsas məqsədimiz gənclərdə elm sahəsinə maraq yaratmaq, onları motivasiya etməkdir. Biz gənclərin bu sahədə potensialının üzə çıxmasına kömək məqsədilə onlar üçün şərait yaratmalıyıq. Bu cür konfranslar tələbələrə bilik və təcrübələrini bölüşmək, elmi fəaliyyətlərin sosial aktuallığına diqqət çəkmək üçün unikal platformadır”.

Tədbirdə çıxış edən “Huawei” şirkətinin Bakı ofisinin nümayəndəsi Kang Jia Elmi konfransların qaliblərini təbrik edərək təmsil etdiyi şirkətin istedadları hər zaman dəstəklədiyini bildirib. O, “Huawei” ilə BANM arasında sıx əlaqələr olduğunu vurğulayıb və bir çox uğurlu layihələrin həyata keçirildiyini əlavə edib.

Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov çıxışında Bakı Ali Neft Məktəbində keçirilən elmi konfransların əhəmiyyətinə toxunub, bu konfransların gənclərin elmə marağının artmasında rolu olduğunu qeyd edib.

Qeyd edək ki, Tələbə və Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransları “Neft-qaz geologiyası və mühəndisliyi”, “Rəqəmsal Transformasiya-2023”, "Dayanıqlı Kimya və Kimya mühəndisliyinə doğru: Daha yaxşı bir dünya qurmaq üçün yeniliklər" mövzularını əhatə edir. Bu il konfranslara ümumilikdə 365 tezis qəbul olunub. Onun 194-ü Bakı Ali Neft Məktəbinin tələbə və tədqiqatçıları tərəfindən təqdim edilib.

Konfransa Azərbaycan universitetləri ilə yanaşı, Almaniyanın Ştutqart Universiteti, Çin Xalq Respublikasının Şanxay Jiao Tong Universiteti, İspaniyanın Valyadolid Universiteti, Rusiyanın A.N. Frumkin adına Fiziki Kimya və Elektrokimya İnstitutu, ABŞ-nin Oklahoma Universitetindən də tezislər qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti