Laçın. Trend:
İyunun 22-də işğaldan azad edilmiş Laçın şəhərində rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib.
Trend-in Laçın şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, açılış mərasimində Baş prokuror Kamran Əliyev, Baş prokurorluğun rəhbər heyəti, eləcə də əslən Laçın rayonundan olan prokurorluq əməkdaşları və prokurorluğun veteranları iştirak edib.
Tədbirdən öncə mərasim iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzərək onun unudulmaz xatirəsini dərin ehtiramla yad edib.
Tədbir iştirakçılarına məlumat verilib ki, inzibati binada prokuror, prokuror köməkçiləri və müstəntiqlər üçün otaqlar, dəftərxana və arxiv yaradılıb.
Qeyd edilib ki, bina bütün zəruri avadanlıq, kompüter sistemi,
kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz edilib, mebel və
digər inventarlarla təmin olunub.
Laçın rayon prokurorluğunun yeni inzibati binasında yaradılan
şəraitlə tanış olan Baş prokuror kollektivə uğurlar arzu edib.
Baş Prokuror bildirib ki, Laçın rayon prokurorluğunun Laçın
şəhərində inzibati binasının açılışı prokurorluq orqanlarının
tarixində mühüm günlərdən biri olmaqla, prokurorluq işçisi kimi hər
kəsi sevindirir və prokurorluq orqanlarının tarixinə qızıl
hərflərlə yazılacaq.
Qeyd olunub ki, inzibati binasının açılışı edilən ilk dövlət
orqanlarından biri olması, prokurorluq orqanlarının fəaliyyəti üçün
yaradılmış yüksək şərait prokurorluq orqanlarının dövlət orqanları
sistemində yüksək yerini göstərməklə, həm də dövlət başçısı
tərəfindən prokurorluğa göstərilən etimad və qayğının
sübutudur.
Diqqətə çatdırılıb ki, prokurorluq orqanlarının ənənəvi tarixi
fəaliyyəti, ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu daxili
və xarici siyasətə sadiqliyi və bu siyasətin həyata keçirilməsinə
yüksək dəstəyi əminlik yaradır ki, prokurorluq orqanları işğaldan
azad edilmiş ərazilərdə, o cümlədən Laçın rayonunda hüquq
qaydasının təmin edilməsi və möhkəmləndirilməsi, insan və
vətəndaşların hüquq və azadlıqlarının qorunması, cinayətkarlıqla
mübarizə üzrə digər orqanlarla əlaqəli şəkildə fəaliyyətini bundan
sonra da yüksək səviyyədə yerinə yetirməklə, göstərilən etimadı
daha da yüksək səviyyədə doğrultmağa, qarşıya qoyulmuş vəzifələrin
öhdəsindən tam şəkildə gəlməyə davam edəcək.
Prokurorluq əməkdaşlarının xidmətlərinin daha səmərəli və peşəkar
təşkil edilməsi üçün yaradılan yüksək şəraitə, eləcə də müasir
maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham
Əliyevə minnətdarlıq ifadə olunub.
Xatirə fotoşəkli çəkilib.