Bakı. Trend:
Müəllimlərin sertifikatlaşdırma imtahanları başa çatıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ)Trend-ə verilən məlumata görə, bu gün dövlət ümumi təhsil müəssisələrində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün imtahanlar keçirilib.
Prosesə 8 500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi cəlb olunub.
Test imtahanları ölkə üzrə 13 müxtəlif şəhərdə təşkil edilmiş 23 mərkəzdə keçirilib. Ümumilikdə sertifikatlaşdırmanın test imtahanı mərhələsinə 28 000-dən çox təhsilverən dəvət olunub.
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndirilib. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilib və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilib.
Test imtahanında 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ əldə edirlər.
Onu da qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasının test imtahanı və müsahibə mərhələsində uğur qazanan müəllimlərin vəzifə maaşına 10 faiz, test imtahanında 51 və daha artıq bal toplayıb müsahibə mərhələsində uğur qazanan şəxslərin vəzifə maaşına isə 35 faiz əlavə ediləcək. Əlavələr sentyabr ayından tətbiq olunacaq.