...

Elmar Qasımov İstanbulda Türkiyənin bir sıra nüfuzlu universitetlərinin rektorları ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 3 İyul 2023 18:19 (UTC +04:00)
Elmar Qasımov İstanbulda Türkiyənin bir sıra nüfuzlu universitetlərinin rektorları ilə görüşüb (FOTO)

Bakı. Trend:

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İstanbul Universiteti-Cərrahpaşanın rektoru professor Nuri Aydın, Boğaziçi Universitetinin rektoru professor Mehmet Naci İnci, Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti, İstanbul Aydın Universitetinin rektoru Mustafa Aydın və Koç Universitetinin rəhbərliyi ilə görüşlər keçirib.

Trend xəbər verir ki, İstanbul Universiteti-Cərrahpaşanın rektoru ilə görüşdə Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə edilib, həmçinin iki ali təhsil müəssisəsi arasında Əməkdaşlıq haqqında Razılaşma imzalanıb.

Elmar Qasımovla Boğaziçi Universitetinin rektoru Mehmet Naci İnci arasında keçirilən görüşdə isə birgə MBA proqramının ən qısa zamanda həyata keçirilməsi ilə bağlı müzakirə aparılıb. Elmar Qasımov həmçinin SOCAR-ın rəhbər heyəti üçün Boğaziçi Universitetinin proqram dəstəyi ilə həyata keçirilən Liderlik Akademiyasının uğurla davam etdiyi barədə məlumat verib.

İstanbul Aydın Universitetinin rektoru ilə görüş zamanı universitetlər arasında həyata keçirilən əməkdaşlığın fərqli platformalarda genişləndirilməsi, həmçinin EURAS fəaliyyətləri çərçivəsində Birliyin üzvlərinin iştirakı və Bakı Ali Neft Məktəbinin dəstəyi ilə Bakıda Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr edilmiş konfransın keçirilməsi barədə ilkin razılıq əldə olunub. Görüşdə, həmçinin EURAS İcraiyyə Komitəsinin cari fəaliyyəti təhlil edilib, gələcək fəaliyyət və perspektiv layihələrə dair fikir mübadiləsi aparılıb.

Bakı Ali Neft Məktəbinin rektorunun Koç Universitetinin rəhbərliyi ilə görüşündə iki təhsil müəssisəsi arasında ortaq istiqamətlərdə birgə layihə və proqramların həyata keçirilməsi potensialı müzakirə edilib. Görüşdə Kompüter mühəndisliyi və Kimya mühəndisliyi ixtisaslarında həm tədris, həm də araşdırma üzrə birgə fəaliyyət üçün razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti