Bakı. Trend:
Dünən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, kapitan Məmmədov Pərviz Ələddin oğlunun doğum günü qeyd edilib.
O, 9 avqust 1989-cu ildə Tovuz rayonu, Çeşməli kəndində anadan olub. Daha sonra ailəsi ilə birlikdə Qaradağ rayonu Lökbatan qəsəbəsinə köçüb. 44 günlük Vətən müharibəsində düşmənə qarşı aparılan ədalət mübarizəsində iştirak edib və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə 30 sentyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub.
Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub. Müharibədə göstərdiyi rəşadətə görə Prezident İlham Əliyevin sərəncamına əsasən, “Vətən uğrunda” medalı ilə təltif olunub.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, icra hakimiyyətinin vəzifəli şəxsləri, rayonun ictimaiyyət nümayəndələri, din xadimləri şəhid kapitan Məmmədov Pərviz Ələddin oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarını ziyarət edib, məzarı üzərinə gül dəstəsi qoyublar.
Şəhidin valideynləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirib və Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.