Bakı. Trend:
Azərbaycanın rayonlarında sentyabrın 10-dan 12-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, əsasən Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi-Aran, Qarabağ və Şərqi-Zəngəzur zonasının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Qərb küləyinin arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s, 10-da ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enərək , aran rayonlarında gecə 15-19 dərəcə isti, gündüz 23-28 dərəcə isti , dağlıq rayonlarda gecə 3-8 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Görançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında isə sentyabrın 09-dan 10-u gündüzədək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli intensiv olacağı ehtimalı var.
Proses güclü küləklə müşahidə olunacaq, küləyin güclənməsi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyyə olunur .Belə ki, sentyabrın 10-u səhərdən 11-i gündüzədək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 10-da səhər və gündüz bəzi yerlərdə arabir 33-38 m/s-dək şiddətlənəcəyi gözlənilir.
Havanın temperaturu 5-8 dərəcə aşağı enərək, gecə və gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.