...

Sadiq Əzizlinin şəhadətindən 1 il ötür

Cəmiyyət Materials 13 Sentyabr 2023 15:24 (UTC +04:00)
Sadiq Əzizlinin şəhadətindən 1 il ötür

Bakı. Trend:

Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi,torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər.

Trend xəbər verir ki, sentyabrın 13-də şəhidin anım günü qeyd edilib. 2022-ci il sentyabr hadisələrində qəhrəmanlıq göstərən Əzizli Sadiq Zaur oğlunun şəhadətindən 1 il ötüb.

Əzizli Sadiq Zaur oğlu 13 mart 2003-cü ildə Bakı şəhərinin Qaradağ rayonunda anadan olmuşdur. 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Qaradağ rayon idarəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. O, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində sıravi əsgər kimi hərbi xidmət edib. 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş verib.

Döyüşlərdə Quru Qoşunlarının hərbçisi olaraq iştirak edən Sadiq Əzizli 13 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş şəhid Əzizli Sadiq Zaur oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhidin il dönümü ilə əlaqədar olaraq Qaradağ rayon İcra Hakimiyyətinin başçısı,İcra Hakimiyyətinin vəzifəli şəxsləri, digər idarə və müəssisə rəhbərləri və ailəsi ilə birlikdə şəhidin məzarı ziyarət olunmuş və məzarı üzərinə əklil qoyulub. Qaradağ rayon İcra Hakimiyyətinin başçısı şəhid ailəsinə baş sağlığı vermiş və vətən üçün canından keçən övladların heç zaman unudulmayacağını bildirib. Bundan əlavə, ölkə rəhbərliyinin şəhid ailələrinə daimi diqqət və qayğısının olduğunu və bunun davamlı olacağını ziyarət iştirakçılarının diqqətinə çatdırılıb. Daha sonra şəhidin il dönümü ilə əlaqədar təşkil olunmuş mərasimdə iştirak edilib.

Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə eləcə şəhid adının daimi uca tutulması üçün görülmüş işlər ilə əlaqədar Ali Baş Komandan Cənab İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti