Bakı. Trend:
Erməni "Telegram" kanallarında Azərbaycan Ordusunun 24 saatlıq antiterror tədbirləri zamanı məhv etdiyi mövqeyin dağıdılmasının görüntüləri yayılır. Mövqenin Rusiya sühlməramlılarının yerləşdiyi yerə yaxın olmasından istifadə edən ermənilər növbəti "fake" xəbər yaymağa çalışırlar. Onlar ictimaiyyəti aldadaraq guya "Azərbaycan Ordusu sülhməramlıların anbarını vurub" kimi saxta xəbərlər tirajlayırlar.
Məsələni Trend-ə hərbi ekspert, polkovnik Alparslan İmamqulu şərh edib.
"Bu, antiterror tədbirlərindən sonra ermənilərin informasiya müharibəsi tərzidir. Qarabağda yerləşmiş terrorçu qüvvələr də bundan istifadə etməkdədirlər. Bunu etməkdə müxtəlif məqsədlər var. İlkin olaraq, sanki tədbirlər əsnasında Azərbaycan Silahlı Qüvvələri mülki əhaliyə zərər verirmiş kimi görüntülər paylaşıldı. İndi də müxtəlif görüntülərlə ordu birləşmələrimizin guya sülhməramlı qüvvələrə aid məntəqələrə zərər verdiyini əks etdirən görüntülər paylaşılır.
Təbii ki, bunların hamısı müxtəlif məqsədlərlə həyata keçirilən dezinformasiyadır. Bunları təkzib etməklə yanaşı, həm də bu istiqamətdə verilən məlumatların düzgün şəkildə təhlil olunması zəruridir", - o qeyd edib.
"Ümumiyyətlə, 24 saatlıq antiterror tədbirləri boyunca Azərbaycan Silahlı Qüvvələrinin mükəmməl şəkildə prosesi aparması, heç bir mülki məntəqəyə, o cümlədən, bölgədə xidmət aparan sülhməramlı qüvvələrə zərər verməməsi müstəsna əhəmiyyətlidir. Tədbirlərdən sonra terrorçuların əldə etdiyi müxtəlif görüntülərlə bu fikri başqa istiqamətə yönləndirməyə çalışması gözləniləndir. Bu dezinformasiyadır və buna heç bir halda alət olmaq olmaz", - ekspert vurğulayıb.
Qeyd edək ki, həmin mövqe Ermənistan ordusunun silahlı birləşmələrinin qalıqlarına aid olub və yüksək dəqiqliklə həmin mövqe məhv edilib. Əslində, Rusiya sühlməramlılarının yerləşdiyi yerə yaxın ərazidə hiyləgərliklə quraşdırılmış separatçı mövqe dəqiq zərbələrlə məhv edilib. Görüntülərdən də aydın olur ki, Rusiya sülhməramlıların yerləşdiyi əraziyə heç bir ziyan dəyməyib.