Bakı. Trend:
28 sentyabr 2023-cü il tarxində Qaradağ rayonunda silsilə tədbirlər keçirilib. Müzəffər Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Əsədov Vüqar Habil oğlunun cəsədinin qalıqları 30 ildən sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gətirilib.
28.09.2023-cü il tarixində şəhidlə vida mərasimi keçirilir.
Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şura üzvləri, Milli Məclisin deputatı Səbinə Xasayeva, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid Qaradağ rayonu, Lökbatan qəsəbəsində Şəhidlər xiyabanında dəfn edilib.
Qeyd edək ki, Əsədov Vüqar Habil oğlu 1974-ci il iyunun 29-da anadan olub. Vüqar Əsədov 31 avqust 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb. Şəhidin meyitinin qalıqları bir qədər əvvəl Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda tapılıb.
2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə basdırıldığı məzarlıqlar aşkarlanıb. Ekspertiza nəticəsində meyit qalıqlarından birinin Əsədov Vüqar Habil oğlu məxsus olduğu təsdiqlənib.
Daha sonra Lökbatan qəsəbəsinin sakini Şəhid Əliyev Rövşən İbrahim oğlunun anım mərasimi keçirilib.
İldönümü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Səbinə Xasayeva Şəhidlərin qəbrini ziyarət ediblər. Şəhidlərin qəbri üzərinə tər güllərdən əklil qoymuş, ruhuna dualar oxunmuş, sonra valideynləri ilə görüşərək başsağlığı veriblər.