...

Məcburi köçkünlər arasında “Böyük Qayıdış”la bağlı “fokus-qrup” müzakirə keçirilib (FOTO)

Cəmiyyət Materials 17 Oktyabr 2023 12:32 (UTC +04:00)

Bakı. Trend:

ADA Universitetinin Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu ilə birgə həyata keçirdiyi “İşğaldan azad edilmiş ərazilərə əhalinin geri qayıdışının və reinteqrasiyasının təmin edilməsi məqsədilə məcburi köçkünlər arasında sosioloji sorğunun keçirilməsi və ilkin proqnozların hazırlanması” layihəsi davam edir.

Layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının “Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması” prioritet istiqamətinin “Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili” fəaliyyət istiqaməti üzrə həyata keçirilir.

İyul ayından etibarən icra edilən layihə çərçivəsində məcburi köçkünlər arasında sosioloji sorğular (fokus-qrup müzakirələr) keçirilir. Məqsəd əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması və hökumətə müvafiq tövsiyələrin verilməsidir.

Layihə çərçivəsində oktyabrın 13-də Sumqayıtda məskunlaşmış on yeddi qadının iştirakı ilə "fokus-qrup” müzakirə keçirilib. Müzakirədə məcburi köçkünlərin könüllü, ləyaqətli və təhlükəsiz formada doğma torpaqlarına qayıdışı ilə bağlı rəy və təklifləri, gözləntiləri, eləcə də reinteqrasiya ehtiyacları və potensialları öyrənilib.

Qeyd edək ki, sözügedən layihənin icrası dövründə indiyədək Bakıda əhalinin müxtəlif kəsimlərini təmsil edən məcburi köçkünlərin iştirakı ilə dörd "fokus-qrup” müzakirə təşkil edilib. Növbəti günlərdə isə Gəncə, Ağdam və Laçın rayonlarında belə “fokus-qrup” müzakirələrin keçirilməsi planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti