Bakı. Trend:
Xaçmazda Qudyalçay üzərindən çəkilən alternativ yol istifadəyə verilib.
Trend xəbər verir ki, Gəndob-Yalama yolu ilə Xaçmaz rayonu ərazisindən hərəkət edən avtomobillər yeni körpü tikilənədək çayın əks tərəfinə bu alternativ yoldan keçəcək.
Vətəndaşların rahat hərəkətini təmin etmək məqəsdilə tikilən müvəqqəti yol köhnə körpüdən təxminən 50 metr qərb istiqamətdə inşa olunub. Yoldan, əsasən, Xaçmazdan Xudat, Nabran, Yalama və Rusiya Federasiyası dövlət sərhədi istiqamətinə və əksinə hərəkət edən avtomobillər istifadə edir.
Qudyalçay üzərindəki dağılmış körpünün yerində yenisinin inşası sürətlə davam edir. Uzunluğu 66, eni 15 metr olacaq ikiaşırımlı yeni körpünün noyabrın sonunda istifadəyə verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub.