Bakı. Trend:
Quru Qoşunlarının 2023-cü ilin hazırlıq planına əsasən noyabrın 21-də hərbi qulluqçular arasında atletika üzrə yarışlar start götürüb.
Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, yarışların açılış mərasimində Ulu Öndər Heydər Əliyevin, Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər mütəmadi olaraq idman yarışlarının keçirilməsinin
mahiyyətindən danışaraq, iştirakçılara uğurlar arzulayıblar. Yüksək
fiziki göstəricilərin hərbi qulluqçuların döyüş hazırlığına müsbət
təsir etdiyini qeyd ediblər.
Beynəlxalq qaydalara uyğun olaraq keçiriləcək yarışlarda birlik və
birləşmələri 8 komanda təmsil edəcək. Plana əsasən komandalar
müxtəlif məsafələrə qaçış, hündürlüyə və uzununa tullanma, eləcə də
estafet yarışlarında güclərini sınayacaqlar. Yarışlara Quru
Qoşunlarının fiziki hazırlıq və idman bölməsinin zabitləri hakimlik
edəcəklər.
Açılış mərasimindən sonra komandalar 100 metr məsafəyə qaçışla mübarizəyə başlayıblar.