Bakı. Trend:
Uşaqlığımı qoyub gəldiyim torpaqlara doğma yurduma qayıdıram.
Bunu Trend-ə açıqlamasında Laçın sakini Ülviyyə Atakişiyeva deyib.
Onun sözlərinə görə, Laçını 12 yaşında valideynləri ilə birlikdə tərk edib. Uşaqların yaddaşından heç nə çıxmadığı üçün o günləri qanlı-qadalı günlər kimi xatırlayır. Qaçqın həyatı çox ağırdır. Kiçik bir dəhlizdə 5-10 ailənin bir yerdə yaşaması çox çətindir.
"İndi isə şükürlər edirəm ki, öz doğma torpağıma, yurduma geri dönürəm. Buna görə çox xoşbəxtəm. Bu günlərimizi şəhidlərimizə borcluyuq. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Dövlətimizə təşəkkürümüzü bildiririk ki, torpaqlarımızı işğaldan azad edib, evlərimizi təmir edib və qayıtmağımıza şərait yaradıb. Hətta evimiz əvvəlkindən belə, daha yaxşı təmir olunub", - deyə o bildirib.
Qeyd edək ki, bu gün də nəzərə alınmaqla Laçın şəhərində 346 ailə, yəni 1326 nəfərin daimi məskunlaşması təmin edilib.