Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin Xalq Respublikasında keçirilən “Imperial Springs Forum 2023” toplantısına rəsmi tərəfdaşlıq edib.
NGBM-nin həmsədri və Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqanın rəhbərliyi ilə Serbiyanın sabiq prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq prezidenti Rozen Plevneliev, Belçikanın sabiq baş naziri İv Leterm və Norveçin sabiq baş naziri Kyel Maqne Bondevik də daxil olmaqla Mərkəzin 20-dən çox üzvündən ibarət heyəti toplantıya qatılıb. Forum ümumilikdə 40-dan çox ölkədən 200-ə yaxın beynəlxalq ekspertlər, alimlər, Nobel mükafatçıları və indiki və sabiq ölkə və hökümət başçılarını bir araya gətirib.
Tədbirin açılış mərasimində ilk öncə Çin Xalq Respublikasının Prezidenti Si Cinpinin tədbir iştirakçılarına ünvanladığı müraciəti təqdim olunub daha sonra Vitse-Prezidenti Han Çenq, o cümlədən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa, Mərkəzin Qlobal Dostları Dərnəyinin həmsədri Çau Çak Vinq açılış nitqi səsləndiriblər. Vayra Vike-Freyberqa öz ölkəsinin prezidenti kimi şəxsi təcrübəsini xatırlayaraq bildirib ki, Çin çoxtərəfliliyin güclü müdafiəçisi və praktiki olmuşdur. Bu praktikanın nümunələrindən biri də Çinin böyük və kiçik ölkələrə bərabər hörmətlə yanaşmasıdır. Mərkəzin həmsədri, həmçinin, ölkələr arasında beynəlxalq qaydaların anlaşılmasında fərqlilik olduğunu da vurğulayıb. Çau Çak Vinq isə öz çıxışında beynəlxalq vəziyyətin mürəkkəb olduğunu, bəşəriyyət əvvəllər heç vaxt görülməmiş ciddi problemlərlə üzləşdiyini bildirib.
Paneldə çıxışçı qismində iştirak edən Mərkəzin üzvü Boris Tadiç də hazırda dünyanın üzləşdiyi problemlərin mürəkkəb və misilsiz olduğunu təsdiqlədi. İv Leterm nitqinin sonunda "heç bir ölkənin geridə qalmadığı" qlobal əməkdaşlığa çağırıb.
Forumun bağlanış mərasimində Vayra Vike-Frayberqa tədbir iştirakçılarını 2024-cü ildə keçiriləcək 11-ci Qlobal Bakı Forumuna rəsmi olaraq dəvət ediblər.
Tədbir çərçivəsində Mərkəzin üzvlərinin Çin Xalq Respublikasının Vitse-Prezidenti ilə görüşü baş tutub. Görüş zamanı xanım Vayra Vike-Frayberqa və digər üzvlər tərəfindən cənab Han Çenqə qarşıdan gələn 11-ci Qlobal Bakı Forumu və Mərkəzin tərəfdaşları ilə Çin Xalq Respublikasında reallaşdırdığı layihələr haqqında ətraflı məlumat verilib.
Həmçinin, Mərkəzin üzvləri yerli və xarici mediya nümayəndələrinə verdikləri müsahibələrində qlobal problemlər, siyasi məsələlər, multilateralizmin gücləndirilməsi mövzularına toxunublar və bu məsələlərin həllində Mərkəzin üzvlərinin oynadığı əhəmiyyətli rolu vurğulayıblar.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzini builki Forumda Mərkəzin həmsədrləri xanım Vayra Vike-Frayberqa və Dr İsmayıl Səragəldin, Bolqarıstanın sabiq prezidentləri Rozen Plevneliyev və Petar Stoyanov, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniç və sabiq baş naziri Zlatko Laqumdziya, Sloveniyanın sabiq prezidenti Borut Pahor, Monteneqronun sabiq prezidenti Filip Vuyanoviç və sabiq Müdafiə naziri Miliça Peyanoviç-Durisiç, Latviyanın sabiq prezidenti Valdis Zatlers, Maltanın sabiq baş naziri Yozef Muskat, İsveçin sabiq baş naziri Stefan Löfven, Norveçin sabiq baş naziri Kyel Maqne Bondevik, Belçikanın sabiq baş naziri İv Leterm, BMT Baş Assambleyasının sabiq prezidentləri Ksaba Korosi, Volkan Bozkır və Mariya Fernanda Espinosa, İtaliya Prezidentinin sabiq diplomatik müşaviri Antonio Zanardi Landi və YUNESKO-nun xoşməramlı səfiri Hedva Ser təmsil edib.