...

Qədim dövrə aid olan arxeoloji tapıntıların yaşları təyin edildi (FOTO)

Cəmiyyət Materials 26 Dekabr 2023 11:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda aparılan yaştəyini tədqiqatlarında yeni nəticələr əldə edilib.

Trend AMEA-nın saytına istinadən xəbər verir ki, institutda fəaliyyət göstərən “Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupunun gənc tədqiqatçısı, kiçik elmi işçi Aybəniz Əhədova “Elektron Paramaqnit Rezonans” və “Termoluminessensiya” metodlarından istifadə edərək qədim dövrə aid olan arxeoloji tapıntıların yaşlarını təyin edib.

Tədqiqatlar zamanı o, Cəlilabad rayonunda aşkar olunmuş Xudutəpə qədim yaşayış məskənindən götürülmüş diş nümunəsinin təxminə, eramızdan əvvəl 6225-ci ilə aid olduğunu təyin edib.

Sözügedən tədqiqatlarda, həmçinin həmin abidədən götürülmüş keramika nümunəsinin bişmə temperaturu da müəyyən olunub.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərliyi ilə “Cəlilabad arxeoloji ekspedisiyası” zamanı aşkarlanmış Xudutəpə abidəsi mühüm çoxtəbəqəli yaşayış məskənidir. Belə ki, qazıntılar zamanı həm neolit dövrünün artefaktları, Əliköməktəpə və Leylatəpə tipli saxsı qab nümunələri, həm də Elxanilər dövlətinin 9-cu hökmdarı Əbu Səid Bahadur xanın (1305-1335) adından kəsilmiş mis pulun tapılması abidənin çoxtəbəqəli olduğunu sübut edir.

Qeyd edək ki, Radiasiya Problemləri İnstitutunda aparıcı elmi işçi, dosent Sahib Məmmədovun rəhbərliyi altında arxeoloji tapıntıların tarixləndirilməsi 3 müxtəlif metodla (Radiokarbon, Elektron Paramaqnit Rezonans, Termolüminessensiya) aparılır və tapıntıların dəqiq yaşı təyin olunur.

Xəbər lenti

Xəbər lenti