...

Bakıda Adil Bağırovun xatirəsi yad edilib (FOTO)

Cəmiyyət Materials 23 Fevral 2024 17:16 (UTC +04:00)
Bakıda Adil Bağırovun xatirəsi yad edilib (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycanın Xüsusi Xidmət Orqanlarının görkəmli əməkdaşı, polkovnik Adil Bağırovun 100 yaşı tamam olur. Bu münasibətlə "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyi Adil Bağırovun 2-ci Fəxri Xiyabanda yerləşən məzarını ziyarət edərək, məzarın üzərinə çiçəklər qoyub.

Xüsusi Xidmət Orqanlarının veteranları Adil Bağırovun xatirəsini yad edib, onun həyat və fəaliyyəti haqqında xatirələrini bölüşüblər.

Adil Bağırov 24 fevral 1924-cü ildə Şuşa şəhərində doğulub. 1960-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1 may 1943-cü ildən A.Bağırov dövlət təhlükəsizliyi orqanlarında xidmət göstərib. O, 40 ildən uzun müddət ərzində xüsusi xidmət orqanlarında müxtəlif vəzifələrdə şərəflə Vətəninə xidmət edib və 1987-ci ildə ehtiyata çıxıb. 1987-ci ildən 2012-ci ilədək A.Bağırov Azərbaycan Respublikası Prezidentinin İqamətgahı olan "Ulduz" Qonaq Evinin rəisi vəzifəsini tutub. "Təhlükəsizlik Orqanlarının Fəxri Əməkdaşı" döş nişanı ilə təltif olunub.

Adil Bağırov öz xatirələrində qeyd edib ki, ömrünü dövlət təhlükəsizliyi orqanlarında xidmətə həsr etdiyi üçün qürur hissi duyur. "Fəxr edirəm ki, Azərbaycanın dövlət təhlükəsizliyinin müdafiəsi kimi şərəfli bir işdə mənim də töhfəm var. Xoşbəxtəm ki, 20 il ərzində dahi şəxsiyyət, peşəkar çekist, fenomenal yaddaşa və yüksək intellektə malik şəxs olan Ümumilli Lider Heydər Əliyevlə bir strukturda çalışmışam".

Polkovnik vurğulayıb ki, Prezident İlham Əliyevin səyləri və siyasəti sayəsində Azərbaycan görkəmli inkişaf tempi nümayiş etdirib.

"Bütün sahələrdə - iqtisadiyyat, təhsil, elm, mədəniyyət sahələrində, bir sözlə hər yerdə necə sürətlə mühüm yaxşılaşmaların baş verdiyini görürük. Aparılan islahatları, gündən-günə artan dinamik inkişafı, ilbəil dövlət büdcəsinin və ölkənin iqtisadi potensialının necə artdığını, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndiyini görəndə qəlbim fərəhlə dolur", - deyə Adil Bağırov öz xatirələrində bəhs edib.

Adil Bağırov 8 avqust 2012-ci ildə vəfat edib. O, doğmaları, həmkarları və yaxınlarının xatirəsində əbədi qalacaq.

Allah rəhmət eləsin!

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti