...

İKTA tərəfindən uçota alınan internet provayderlərin sayı artıb

Cəmiyyət Materials 24 Fevral 2024 04:40 (UTC +04:00)
İKTA tərəfindən uçota alınan internet provayderlərin sayı artıb

Bakı. Trend:

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet provayder və operatorlarının uçotunun aparılması istiqamətində fəaliyyətini davam etdirir.

Agentlikdən Trend-ə bildirilib ki, bu tədbirlər çərçivəsində internetin təkrar satışı xidmətini göstərən “Robonet”, “Setnet” və “Smart Office” MMC-lərin müraciəti əsasında onların uçota alınması həyata keçirilib. Həmçinin Naxçıvanda ADSL, GPON, ETTH, hostinq və digər internet xidmətləri göstərən Naxçıvan Muxtar Respublikasının İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin (Naxinternet) uçota alınmaqla bağlı müraciətinə müsbət cavab verilib. Bununla da uçota alınan operator və internet provayderlərinin sayı 157-yə çatıb.

“İKTA bir daha bəyan edir ki, uçota alınmayan operator və provayderlər, o cümlədən host provayderlər “Elektron hökumət” portalında bu link vasitəsilə autentifikasiyadan keçərək uçota durmaq üçün ərizə göndərməlidirlər. Uçota durmamaq İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsinə əsasən, uçot qaydalarının pozulmasına görə inzibati məsuliyyətə səbəb ola bilər. Uçota alınma bu sahənin hesabatlılıq səviyyəsini, eləcə də tənzimləmə imkanlarını genişləndirir, genişzolaqlı internetə çıxış səviyyəsinin maksimum həddə çatdırılması üçün inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında istifadə olunur. Həmçinin istehlakçılar və tənzimlənən subyektlər arasında münasibətlərin inkişaf etdirilməsi, xidmət bazarlarının təhlil edilməsi, onların formalaşdırılması və şəffaflığın təmin edilməsi istiqamətində mühüm rol oynayır.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Xəbər lenti

Xəbər lenti