...

Bu şəxslərin minimum əməkhaqqı min manatdan yuxarı ola bilər

Cəmiyyət Materials 6 Mart 2024 10:23 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində sertifikasiya prosesi həyata keçirilir. Bu stimullaşdırıcı tədbirdir. Bir tərəfdən təhsil verənlərin öz üzərilərində çalışması, bilik, bacarıq və səriştələrinin artırılması baxımından önəmlidir. Digər tərəfdən isə onların maaşlarının artırılması təsir göstərir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitənin bu gün keçirilən iclasında deyib.

B.Əliyev qeyd edib ki, kim daha çox bal toplayırsa, onların əməkhaqqına əlavələr olur.

“Bu da müəllimlərimizin 2026-cı ildən təqribən minimum əməkhaqqının 1000 manatdan yuxarı başlayacağına dəlalət edir. Bu gün 1500, 2500 və 3000 manat maaş alan təhsilverənlərimiz var. Burada söhbət ümumtəhsil müəssisələrindən gedir. Eyni məsələ məktəbəqədər, məktəbdənkənar və ali təhsil müəssisələrinə də şamil edilir”, - deyə komitə sədri bildirib.

Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Qanun layihəsi sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanmışdır. Layihəyə əsasən "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda 14.8-1-ci maddənin yeni redaksiyada verilməsi və mövcud qanunvericilikdə nəzərdə tutulan təhsil xərcləri ilə bağlı azadolmaların, o cümlədən bir sıra yeni imtiyazların qeyd edilən maddəyə əlavə edilməsi təklif olunur.

Belə ki, yeni imtiyaz olaraq özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti