Bakı. Trend:
Azərbaycan Səhiyyə Nazirliyində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Alessandra Rokkasalva ilə görüş keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan
səhiyyə naziri Teymur Musayev Azərbaycanın BMT-nin müxtəlif
ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq etdiyini
vurğulayıb. Onun sözlərinə görə, “2021-2025-ci illər üçün BMT və
Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə
Sənədi” ikitərəfli əməkdaşlığın strateji istiqamətlərini müəyyən
edir.
Nazir, həmçinin Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında
bir sıra sahələrdə, o cümlədən səhiyyə sferasında da səmərəli
əməkdaşlığın olduğunu diqqətə çatdırıb: “Azərbaycanda universal
tibbi təminatın təşkili və milli səhiyyə sisteminin pandemiya və
kəskin xəstəliklərə qarşı dayanıqlığının artırılması
əməkdaşlığımızın əsas istiqamətlərindən biridir”.
Teymur Musayev çıxışında mart ayında Azərbaycanın paytaxtında XI
Qlobal Bakı Forumunun keçirildiyini xatırladıb: “Bakı Forumu
çərçivəsində Azərbaycan Prezidenti BMT-nin İnkişaf Proqramının
administratoru Axim Ştayneri qəbul edib. Görüş zamanı dövlət
başçısı Akim Ştayneri bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin
İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. Dövlət başçısı
Azərbaycanın qazıntı yanacağı ixrac edən ölkə olmasına baxmayaraq,
yaşıl keçidin prioritet istiqamət kimi müəyyən edildiyini
bildirib”.
Sonda Azərbaycanın səhiyyə naziri ikitərəfli münasibətlərin gələcək
dinamik inkişafına ümid etdiyini ifadə edib.
Səmimi qəbula və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi son illər Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi məqsədilə islahatların aparılması istiqamətində mühüm işlərin görüldüyünü qeyd edib.
Alessandra Rokkasalva Dayanıqlı İnkişaf Məqsədlərinin
reallaşmasında dayanıqlı inkişaf üzrə milli prioritetlərinə uyğun
olaraq yaşıl artım və rəqəmsal transformasiyanın həyata keçirilməsi
istiqamətində Azərbaycanla BMT-nin İnkişaf Proqramının sıx
əməkdaşlığa hazır olduğunu bildirib.
Görüşdə, həmçinin 44 gün davam edən Vətən müharibəsində işğaldan
azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində əməkdaşlıq
perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.