Bakı. Trend:
Rusiya Federasiyası Baş prokurorunun müavini Pyotr Qorodovun rəhbərlik etdiyi nümayəndə heyəti Baş prokuror Kamran Əliyevin dəvətilə Bakıda keçirilən Xəzəryanı dövlətlərin baş prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşündə iştirak etmək üçün ölkəmizə işgüzar səfərə gəlib.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, ikitərəfli görüşdə Baş prokuror Kamran Əliyev ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin strateji xarakter daşıdığını, dövlət başçılarının birgə səyləri və siyasi iradələri sayəsində ikitərəfli münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb.
Baş prokuror digər sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq və hüquq mühafizə orqanları arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və elm-tədris sahələrində son illər ərzində effektiv işbirliyinin olduğunu diqqətə çatdırıb.
Kamran Əliyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə qonaqları məlumatlandırıb.
Baş prokuror həmçinin, dünyanın ən mötəbər beynəlxalq
tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un
ölkəmizdə keçirilməsinin dünya ölkələrinin növbəti dəfə Azərbaycana
olan böyük etimad və hörmətinin, o cümlədən ölkəmizin dünya
miqyasında artan nüfuzu və güclü mövqelərinin göstəricisi olduğunu
xüsusilə vurğulayıb.
Səmimi qəbula görə təşəkkürünü ifadə edən Pyotr Qorodov iki ölkə
arasında, həmçinin iki dost və tərəfdaş dövlətin prokurorluqları
arasında uzunmüddətli sıx əlaqələrin nümunəvi xarakter daşıdığını
bildirib. Aprelin 4-də Bakıda keçirilmiş Xəzəryanı dövlətlərin baş
prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşünün
vacibliyini vurğulayaraq bu formatın qarşılıqlı səmərəli
fəaliyyətin davam etdirilməsinə tövfə verəcəyinə əminlik ifadə
edib.
Görüşdə Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov da iştirak edib.