Bakı. Trend:
Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan vətəndaşı ilə nikaha girməsinə icazə verilməyəcək.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Sənəddə qeyd olunur ki, Azərbaycan Respublikasının ərazisində
olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız
uzun müddət yaşayan əcnəbilərin bir çoxu ölkə ərazisini tərk
etməmək üçün son anda mümkün asan vasitə olaraq Azərbaycan
Respublikasının vətəndaşı ilə nikah bağlamağı seçirlər. Bu hal
Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan əcnəbilərə
münasibətdə qanunvericiliyin müəyyən etdiyi imtiyazlardan
sui-istifadə edilməsi riski yaratmaqla yanaşı, qanunsuz
miqrasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən
tədbirlərin effektivliyinə mənfi təsir göstərir.
Təqdim olunan qanun layihəsi də məhz ölkəmizdə qanunsuz
miqrantların müəyyən edilməsi və qanunsuz miqrasiyanın qarşısının
alınması, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması
hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən
tədbirlərin səmərəliliyinin artırılması məqsədilə
hazırlanmışdır.
Belə ki, layihədə Ailə Məcəlləsinin nikahın bağlanmasına mane olan
halları əks etdirən 12-ci maddəsinə dəyişiklik edilməsi təklif
olunur. Bu dəyişikliyə əsasən aralarında nikahın bağlanmasına yol
verilməyən şəxslərin sırasına ikisindən biri və ya hər ikisi ölkə
ərazisində qanunsuz olan və yaxud yaşayan əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslərin də əlavə edilməsi nəzərdə
tutulur.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.