...

ADA Universiteti tələbələrinin "Məzun günü" keçirilib (FOTO)

Cəmiyyət Materials 13 İyun 2024 19:42 (UTC +04:00)
ADA Universiteti tələbələrinin "Məzun günü" keçirilib (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 13-ü ADA Universitetində məzun günü keçirilib.

Trend xəbər verir ki, ADA Universitetini bu il bitirən 700-dək məzununun iştirakı ilə keçirilən tədbirdə valideynlər, professor-müəllim heyəti, tərəfdaş qurum və şirkətlərin nümayəndələri iştirak ediblər, məzunların sevincinə şərik olublar.

Tədbir ənənəvi olaraq ADA Universitetinin beynəlmiləl ruhunu əks etdirən bayraq keçidi ilə başlayıb. Keçid zamanı əcnəbi tələbələr təmsil etdikləri ölkələrin bayraqlarını səhnəyə gətiriblər, daha sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

ADA Universitetinin məzunları Cavid Şahməmmədli və Könül Əzizli tədbirin aparıcıları qismində qonaqları salamlayıblar. Onlar dinamik, yaddaqalan "ADA həyatı"nın ən maraqlı xatirlərini qonaqlarla bölüşüb, burada aldıqları təhsilin məzunlara qazandırdığı dəyərlərdən bəhs ediblər. Məzunlar həyatlarının yenicə qədəm basdıqları növbəti mərhələsində ADA Universiteti təhsilinin onlara daim bələdçilik edəcəyinə əminliklərini ifadə edib və ADA Universitetinin Akademik işlər üzrə Prorektoru Elkin Nurməmmədovu səhnəyə dəvət ediblər.

Prorektor Elkin Nurməmmədov geridə qoyduğumuz akademik il ərzində tələbə və məzunların uğurlarından bəhs edərək qeyd edib: "Bu 2023-24-cü tədris ili ADA Universiteti üçün xüsusilə əlamətdar olub. Belə ki, bu il ADA Universitetinin biznes proqramları beynəlxalq "ACBSP" akkreditasiyası əldə edib.

Bu il həm də ADA Universitetindən ilk ADA Məktəbi məzunlarımızın buraxılış ilidir. Bundan əlavə, ADA Corc Vaşinqton Universiteti ilə birgə təqdim etdiyi ikili magistr proqramı olan "Elektrik və elektroenergetika mühəndisliyi"nin ilk məzun sinfini yola salır. Həmçinin bu il ADA Universitetinin Qazax Mərkəzində Azərbaycan dilində təqdim edilən "Təhsil üzrə menecment" və "Təlim və tədrisin təşkili və metodikası" üzrə proqramların da ilk məzun sinfi yola salınır".

Mərasimin xüsusi qonağı qismində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev məzunlar qarşısında çıxış edib:

"COP29-a ev sahibliyi etməyə hazırlaşarkən biz təkcə mühüm danışıqlara kömək etmirik, həm də iqlim liderliyinə sadiqliyimizi nümayiş etdiririk. Bu, bu gün atdığımız addımların gələcək nəsillərə fayda verməsini təmin etmək deməkdir. Məzunlar bu mirasın ayrılmaz hissəsidir".

Nazir tələbələrə müraciət edərək bildirib ki, yaşıl dünyanın çempionu olmaq, davamlılığı təşviq etmək, karbon izimizi azaldan təşəbbüslərdə iştirak etmək və başqalarını bu mühüm missiyada sizə qoşulmağa ruhlandırmaq üçün burada, ADA Universitetində əldə edilən bilik və bacarıqlardan istifa etmək önəmlidir.

Sonda ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxış edərək məzunlara cəmiyyətin inkişafına öz bilik və bacarıqları ilə töhfə verməyə, "həyatboyu öyrənmə"ni öz həyat tərzlərinə çevirməyə səsləyib. Builki "Məzun günü"nün əlamətdar bir dövrə - Azərbaycanın COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsinə təsadüf etdiyini bildirən Rektor Hafiz Paşayev gənclərə üzünü tutaraq onlara ölkəmizin adını daim ucaltmağı, qələbəmizi öz töhfələri ilə daha da gücləndirməyi, "ADA Universiteti məzunu" adını layiqincə qoruyub saxlamağı və burada qazandıqları dəyərlərə sadiq qalmağı tövsiyə edib.

ADA Universitetinin təhsillə bağlı hazırkı və gələcək planlarına toxunan Rektor Hafiz Paşayev ADA İbtidai Məktəbinin təsis edildiyi xəbərini qonaqlarla bölüşüb.

Mərasimdə həmçinin ADA Universitetinin magistr dərəcəsi üzrə məzunu Leyla Həsənova çıxış edərək gəncləri əldə etdiyi təhsili iqlim məsələrinin həllində tətbiq etməyə səsləyib.

Çıxışlardan sonra diplomların təltifetmə mərasimi və daha sonra isə bədii proqram baş tutub. Məzunlar klassik və müasir musiqi sədaları altında bir-birini təbrik edib, xatirə şəkli çəkdiriblər.

Xatırladaq ki, ümumilikdə 2023-2024-cü akademik il üzrə ADA Universitetindən 453 tələbə bakalavr və 202 tələbə isə magistr ixtisası üzrə məzun olurlar. Bakalavr və magistr pillələrində təqdim edilən 16 ixtisasdan məzun olan tələbələrin 632-si yerli, 23-ü isə əcnəbidir.

Əcnəbi məzunların təmsil etdiyi ölkələr sırasında Belarus, Gürcüstan, İndoneziya, İran, Meksika, Moldova, Mozambik, Özbəkistan, Qazaxıstan, Rusiya Federasiyası, Seyşel Adaları, Sudan, Tacikistan, Ukraynanı qeyd etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti