Bakı. Trend:
Nazirlər Kabineti “Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanları işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası”nı təsdiq edib.
Trend-in xəbərinə görə, mənzil kirayəsi üçün pul kompensasiyası ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə verilir.
Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə işçisinə və onun ailə üzvlərinə qulluq keçdiyi dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq, mənzil kirayəsi üçün pul kompensasiyası hər ay aşağıdakı məbləğlərdə ödənilir:
- Bakı şəhərində - 150 manat;
- Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron
rayonunda – 100 manat;
- başqa şəhər və rayon mərkəzlərində - 75 manat;
- digər yaşayış məntəqələrində - 55 manat.
Ədliyyə işçisinə onun hər bir ailə üzvünə görə göstərilən müvafiq
kompensasiyaların 50 faizi məbləğində hər ay əlavə pul
kompensasiyası ödənilir.
ödənişlər “Nağdsız hesablaşmalar haqqında” qanuna uyğun olaraq
həyata keçirilir.
Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə işçisinə və onların ailə üzvlərinə qulluq keçdiyi dövr ərzində mənzil kirayəsi üçün pul kompensasiyası aşağıdakı sənədlər əsasında ödənilir:
- ədliyyə işçisinin ərizəsi (raportu);
- İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin
yerli bölmələri tərəfindən ədliyyə işçisinin qulluq keçdiyi müvafiq
ədliyyə orqanının yerləşdiyi ərazidə onun və yetkinlik yaşına
çatmış ailə üzvlərinin mülkiyyətində mənzilin (yaşayış sahəsinin)
olub-olmaması haqqında verilən arayış;
- mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq
edilmiş müqavilə;
- ədliyyə işçisinin və ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, nikah
haqqında şəhadətnamənin (evli olduğu halda), 15 yaşına çatmamış
uşaqlarının doğum haqqında şəhadətnamələrinin surəti.
Tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət
İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından
(qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya
məlumatlar ədliyyə işçisindən tələb edilmir. Belə sənədlərin və ya
məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə
edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ədliyyə
işçisinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından
(qurumundan) tələb olunur və ya ədliyyə işçisi tərəfindən təmin
edilir. Yeni xidmət yerinə gəlmiş ədliyyə işçisi kirayədə yaşaması
barədə ərizə (raport) ilə müraciət edərkən nəzərdə tutulmuş
sənədləri təqdim etməlidir. Mənzilin kirayəsi üçün pul
kompensasiyası mənzilin kirayə götürülməsi barədə müqavilənin
imzalandığı gündən hesablanmaqla, lakin yeni vəzifəyə təyin edilmə
günündən tez olmayaraq, ədliyyə orqanının rəhbərinin bu barədə
əmrindən sonra ödənilir.
Mmüəyyən edilmiş sənədlər hər il yenidən toplanaraq təqdim edilməlidir. Ədliyyə işçisinin ailə tərkibində dəyişikliklər baş verərsə, bu barədə işçi tərəfindən rəhbərliyə məruzə edilməli və pul kompensasiyası ilə bağlı müvafiq sənədlər təqdim olunmalıdır.
Ədliyyə Nazirliyi tərəfindən xidməti yaşayış sahəsi ilə (digər yaşayış sahəsi ilə) təmin edilmiş ədliyyə işçilərinə mənzil kirayəsi üçün pul kompensasiyası ödənilmir.
Qaydada göstərilən maliyyələşdirmə məsələləri Ədliyyə Nazirliyinə Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçiriləcək.