Bakı. Trend:
Füzuli şəhərinin mərkəzində Zəfər yolunun kənarında salınan çoxmənzilli binalarda 822 ailə məskunlaşıb. Bu isə 3132 nəfər sakin deməkdir.
Trend-in məlumatrına görə, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktorun müavini Səbuhi Abdullayev Xəzər İnşaat Həftəsində deyib.
O qeyd edib ki, şəhərdə 38 çoxmərtəbəli bina, eləcə də 846 mənzildən ibarət 4, 5 , 6 və 7 mərtəbədən ibarət evlər inşa edilib. Baş plana uyğun olaraq şəhərdaxili yolların uzunluğunun 87 kilometrdən çox olması nəzərdə tutulub. Həmçinin Füzulidə Özbəkistan Respublikası tərəfindən inşa olunan 960 şagird yerlik Mirzə Uluqbəy adına 1 saylı məktəb, Qazaxıstan Respublikası tərəfindən inşa olunmuş ‘’ Kurmqanqazı Uşaq yaradıcılıq Mərkəzi ‘’ də fəaliyyət göstərməkdədir”, - deyə o qeyd edib.
S.Abdullayev vurğulayıb ki, kəndlərdə də quruculuq işləri davam etdirilir.
“Pirəhmədli kəndində bərpa işlərinə başlanılır. Dövlətyarlı kəndində isə hazırlıq işləri tamamlanıb. Bu kənd ‘’Ağıllı kənd’’ layihəsi kimi sistemləşdiriləcək. Eləcə də burada alternativ enerji mənbələrindən, yaşıl enerjidən istifadə ediləcək. Tikintinin 1-ci mərhələsində Dövlətyarlı kəndində 450 fərdi evin tikintisi nəzərdə tutulur. Eləcə də burada məktəb, uşaq bağçası, kənd meydanı, bazar və digər infrastruktur obyektləri də formalaşdırılacaq. Cuvarlı , Qarğabazar, Qoçəhmədli və Dədəli kəndlərində isə layihələndirmə işləri davam etdirilir”, - deyə o əlavə edib.
Qeyd edək ki, 15-17 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionun inşaat sahəsində önəmli tədbir olan Xəzər İnşaat Həftəsi keçirilir. Mühüm tədbirləri bir ad altında birləşdirən Xəzər İnşaat Həftəsi dünyanın bir sıra ölkələrindən tikinti sahəsinin müxtəlif şirkətlərini bir araya gətirir. Hazırda Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərdə 22 ölkədən 380-dən artıq şirkət yer almaqdadır.