Bakı.Trend:
"Təmiz Şəhər" ASC-nin növbəti hədəfi paytaxtda zibilxanalara göndərilən məişət tullantılarının həcmini azaltmaq, Bakının müxtəlif hissələrində yeni tullantı emalı müəssisələri tikməkdir.
Trend xəbər verir ki, bunu səhmdar cəmiyyətinin İdarə Heyətinin sədr müavini Sabit Zeyniyev bu gündən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində - tədbirin Yaşıl Zonasının açılışında bildirib.
O bildirib ki, bu, bizim növbəti hədəfimizdir
“Tullantıların idarə edilməsində düzgün logistika təmin edilməlidir”, - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının
açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək
COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və
regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin
İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.