...

NDC-lərin hazırlanmasında məhdud imkanlı insanlar nəzərə alınmalıdır - Vladanka Andreyeva

Cəmiyyət Materials 3 Dekabr 2024 11:41 (UTC +04:00)
NDC-lərin hazırlanmasında məhdud imkanlı insanlar nəzərə alınmalıdır - Vladanka Andreyeva
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) hazırlanmasında məhdud imkanlı insanlar nəzərə alınmalıdır.

Trend xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva BMT-nin Beynəlxalq Əlillər Günü ilə əlaqədar təşkil etdiyi "Məhdud imkanlı insanların iştirakı ilə iqlim həllərinin yaxşılaşdırılması” tədbiri çərçivəsində bildirib.

“Məhdud imkanlı insanlar iqlim dəyişikliyindən qeyri-proporsional dərəcədə əziyyət çəkirlər. İqlim böhranları və ya ekstremal hava hadisələri zamanı onlar tibbi xidmətlərə, dəstək xidmətlərinə, təxliyə və fövqəladə xidmətlərə çıxışda çətinliklərlə üzləşirlər. Bütün bunlar Azərbaycanda və dünyanın digər ölkələrində öz NDC-lərini hazırlayarkən nəzərə alınmalıdır”, - deyə V.Andreyeva vurğulayıb.

Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə effektiv mübarizə aparmaq üçün bütün təbəqələri əhatə edən yanaşma tətbiq olunmalı, bu zaman səhiyyə, təhsil, iqtisadiyyat və sosial xidmətlərin davamlılığı qorunmalıdır.

Vladanka Andreyeva xatırladıb ki, cəmi 10 gün əvvəl Bakıda BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) uğurla başa çatıb.

“Azərbaycan dünya ölkələrinin nümayəndələrini qəbul etdi, iqlim maliyyələşdirilməsi üzrə yeni hədəf barədə konsensusa nail oldu və gündəlikdəki müxtəlif məsələlər üzrə irəliləyiş əldə etdi. COP29-da sədrliyi gələn ilə qədər, Braziliyaya təhvil verilmədən əvvəl Azərbaycan davam etdirəcək. Bu, üzərimizə götürdüyümüz öhdəlikləri, xüsusən də hər kəsin danışıqlarda iştirakı və səsi olmasını təmin etmək üçün inklüzivliklə bağlı vəzifələri yerinə yetirmək üçün bir fürsətdir”, - deyə o əlavə edib.

V.Andreyeva həmçinin vurğulayıb ki, COP29 çərçivəsində məhdud imkanlı insanlar üçün tam giriş imkanları təmin edilib.

Xəbər lenti

Xəbər lenti