Bakı. Trend:
“Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması və təqdim edilməsi Qaydası” təsdiq edilib.
Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, bu Qayda “Dövlət ehtiyatları haqqında” Qanuna əsasən hazırlanıb və dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın formasının və təqdim edilməsinin qaydasını və hüquqi əsaslarını müəyyən edir.
Bu Qaydaya uyğun dövlət ehtiyatlarının yaradılması və idarəedilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi Qanununda nəzərdə tutulan maliyyələşmə mənbələri hesabına həyata keçirilir.
Bu Qaydaya uyğun dövlət ehtiyatları üçün malların tədarükündə, saxlanılmasında və buraxılmasında texniki normativ hüquqi aktların tələbləri nəzərə alınır.
Bu Qaydada istifadə olunan anlayışlar Qanunla və Azərbaycan Respublikasının qüvvədə olan digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.