...

“Ədibin Evi”ndə məktəblilərlə "Azərbaycan dili dövlət dilidir” mövzusunda görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 4 Mart 2025 20:52 (UTC +04:00)
“Ədibin Evi”ndə məktəblilərlə "Azərbaycan dili dövlət dilidir” mövzusunda görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın yerləşdiyi coğrafi bölgədə çox dil bilmək üstünlükdür, lakin Azərbaycan vətəndaşları üçün Azərbaycan dilini bilmək zərurətdir.

Bunu millət vəkili Qaya Məmmədov Milli Məclisdə təmsil etdiyi Suraxanı rayonunun məktəbliləri qarşısında çıxış edərkən deyib.

İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə keçirilən “Azərbaycan dili dövlət dilidir” mövzusunda müzakirədə Suraxanı rayonunun 279 saylı məktəbinin yuxarı sinif şagirdləri iştirak ediblər. Millət vəkili gənclərə xatırladıb ki, bu il Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilib. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilən dövlətin əsas qanunlar toplusu layihə şəklində hazırlanarkən bir sıra məsələlərlə yanaşı dövlət dili məsələsi də geniş ictimai müzakirələrə səbəb olmuşdur. Konstitusiyanın 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Bununla yanaşı multikultural cəmiyyətimizdə əhalinin danışdığı digər dillərin də sərbəst işlədilməsi və inkişafı təmin olunur. Dövlətçilik atributlarından biri olmaqla yanaşı, Azərbaycan dili həm də əsrlərin sınağından keçərək xalqımızın ən ali milli dəyəri kimi bütün dünyada yaşayan azərbaycanlıların həmrəyliyinin sarsılmaz təməlidir.

Məktəblilərlə müzakirəni davam edən “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva isə əlavə edib ki, dil və mədəniyyət bir-biri ilə sıx bağlıdır. Azərbaycan dili cəmiyyət olaraq bizim ənənə və dəyərlərimizi əks etdirir, eyni zamanda azərbaycançılıq məhfumunu tam anlamaq üçün şərtdir.Hazırda rəqəmsal dünyada böyüyən gənclər sərhədsiz virtual məkanda digər dilləri tez mənimsəsələr də, azərbaycan dilinin davamlı olaraq müasir dünyaya uyğunlaşması və inkişafı üçün bu dildə danışan nəsillər biri-birini əvəzləməli və dili yaşatmalıdır. “Ədibin Evi”nin missiyasının milli ədəbiyyatımızın və ədəbi irsimizin tədqiq və təbliği olduğunu bildirən Şəfəq Mehrəliyeva dövlət dilini mükəmməl öyrənmək üçün Azərbaycan dilində zəngin ədəbi xəzinəmizi mütaliə etməyi ən yaxşı vasitələrədən olduğunu qeyd edib.

Tədbirin sonunda məktəblilərə Azərbaycanın görkəmli yazıçısı, alimi və pedaqoqu Mir Cəlalın dahi şairimiz Nizami Gəncəvinin “Xəmsə”sindən azərbaycan dilində nəsrə çevirdiyi hissələrdən ibarət kitablar hədiyyə olunub.

Qeyd edilir ki, Suraxanı məktəbliləri ilə görüş “Balakhani Operating Company LTD”-nin dəstəyi ilə həyata keçirilən “Məktəblilər Ədibin Evində” layihəsi çərçivəsində baş tutub. Bir illik layihə zamanı hasilat şirkətinin fəaliyyət göstərdiyi Sabunçu və Suraxanı rayonu ərazilərindəki məktəblilər “Ədibin Evi”ndə “azərbaycançılıq” ideologiyasını müxtəlif aspektlərdən müzakirə edən silsilə görüşlərdə iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti