...

Gənc və tanınmış alim AzMİU-da elmi seminar keçib: Dinamik sistemlərdə riyazi metodların tətbiqi müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 10 Mart 2025 19:19 (UTC +04:00)
Gənc və tanınmış alim AzMİU-da elmi seminar keçib: Dinamik sistemlərdə riyazi metodların tətbiqi müzakirə olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) riyaziyyat və kompüter elmlərinin ən mürəkkəb və strateji istiqamətlərindən birinə həsr olunmuş elmi seminar keçirilib. “Dinamiki sistemlərdə hesablama məsələləri” mövzusunda təşkil olunan bu mötəbər tədbir AMEA-nın müxbir üzvü, görkəmli alim Kamil Ayzadənin rəhbərliyi ilə baş tutub.

Seminarın əsas məruzəçisi Maks Plank Proqram Sistemləri İnstitutunun əməkdaşı, gənc alim Toğrul Kərimov dinamik sistemlərin formal yoxlama metodları ilə dərin təhlili və bu metodların müxtəlif tətbiq sahələrində inqilabi əhəmiyyəti barədə geniş məruzə ilə çıxış edib. O, diskret və fasiləsiz zamanlı xətti dinamik sistemlərin yoxlama problemlərini, onların cəbr və transendental ədəd nəzəriyyəsi, eləcə də hesablana bilənlik nəzəriyyəsi ilə olan fundamental əlaqələrini şərh edərək müasir riyazi yanaşmaların gücünü ortaya qoyub.

Vurğulanıb ki, formal yoxlama metodları yüksək səviyyəli kiber-fiziki sistemlərin təhlükəsizliyini və funksional düzgünlüyünü təmin edən ən effektiv alətlərdən biridir. Alimlər bu metodların süni intellekt, avtomatlaşdırılmış idarəetmə və kritik infrastrukturların qorunması sahələrində tətbiqinin mühüm perspektivlər açdığını bildiriblər.

Müzakirələr zamanı elmi ictimaiyyət Toğrul Kərimovun tədqiqatlarının Azərbaycan elmi üçün strateji əhəmiyyətini xüsusi qeyd edib. Eyni zamanda, onun elmi işlərinin yaxından izlənilməsi və potensial əməkdaşlıq imkanlarının dəyərləndirilməsi barədə yekdil fikir ifadə olunub.

Bildirək ki, Maks Plank İnstitutu öz alimlərinə verilən 39 Nobel Mükafatı ilə elm və texnologiya tədqiqat təşkilatı kimi dünya miqyasında aparıcı reputasiyaya malikdir və geniş şəkildə dünyanın ən əsas tədqiqat təşkilatlarından biri kimi qəbul edilir. Albert Enşteyn də zamanında bu mərkəzdə qonaq professor olub.

Toğrul Kərimov İngiltərənin Oksford Universitetində bakalavr və magistr təhsili alıb, hazırda isə o dünyanın nüfuzlu elmi tədqiqat mərkəzlərindən olan Maks Plank İnstitutunda doktorantura təhsilini davam etdirir. Onun elmi rəhbəri isə tanınmış alim Joel Ouaknindir. Toğrul Kərimov, həmçinin Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) üzvü olan gənc alimlərdəndir.

AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, Elmi-tədqiqat şöbəsinin müdiri, İnformasiya texnologiyaları və sistemləri, Ali riyaziyyat kafedralarından əməkdaşlar, AMEA-nın İdarəetmə Sistemləri İnstitutundan nümayəndələr iştirak ediblər. Seminarda mövzu ilə bağlı suallar səsləndirilib, gələcək tədqiqat istiqamətləri barədə müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti