Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşkilatçılığı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasında ölkəmizdə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Polis orqanlarında saxlanılan şəxslərin əsas təminatları – beynəlxalq standartlar” mövzusunda təlim təşkil olunub.
Trend xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva açılış nitqi ilə çıxış edib və təlimin işinə uğurlar arzulayıblar.
Müvəkkil çıxışı zamanı Ombudsman Aparatı ilə Daxili İşlər Nazirliyi arasında səmərəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu, insan hüquqlarının müdafiəsi istiqamətində hər iki qurumun qarşılıqlı əməkdaşlıq və vətəndaş məmnunluğunun təmin olunması prinsipləri əsasında fəaliyyət göstərdiyini bildirib.
Ombudsman Milli Preventiv Mexanizm mandatı çərçivəsində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən Daxili İşlər Nazirliyinin müəssisələrinə başçəkmələrin keçirildiyini qeyd edib.
Müvəkkil beynəlxalq standartlar barədə məlumatlılığın artırılmasının əhəmiyyətini vurğulayıb, o cümlədən Daxili Işlər Nazirliyinin əməkdaşları arasında maarifləndirmə işinin artırılmasının davam etdirilməsini önə çəkib.
Saxlanılan şəxslərin hüquq və azadlıqlarının qorunması, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi sahəsində həyata keçirilən maarifləndirmə işinin vacibliyini vurğulayan Ombudsman təşkil edilən təlimin müvafiq mövzu üzrə hüquq mədəniyyətinin artırılması baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Sonra tədbirdə Ombudsman Aparatının nümayəndələri Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həyata keçirilən başçəkmələr, beynəlxalq standartlar və mexanizmlər, hüquqi yardım, polis nəzarətində saxlanılan şəxslərin əsas hüquqları və digər aidiyyəti sahələr üzrə görülən işlər barədə geniş məlumat verib, təqdimatlar ediblər.
Yekunda mövzu üzrə ətraflı fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.